ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalardan imtina etməsi qərarı Avropa liderlərini şoka salıb.
"Bizimxeber" bildirir ki, bu barədə Almaniyanın nüfuzlu Bild nəşri yazır.
Nəşrin Almaniya hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Avropa İttifaqı liderləri ilə qapalı telefon danışığı zamanı Vladimir Putinlə görüşdən sonra Ukrayna münaqişəsi ilə bağlı siyasətində kəskin dəyişikliyə getdiyini bəyan edib.
Telefon danışığında iştirak edən liderlər – Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və digərləri Trampın gözlənilməz bəyanatından ciddi şəkildə təəccübləniblər. Tramp bildirib ki, “Rusiya və Ukrayna indi öz aralarında həll yolu axtaracaqlar”.
Bild-in yazdığına görə, Tramp bu bəyanatı verməzdən əvvəl 30 günlük atəşkəslə bağlı vəd versə də, sonradan nə bu təşəbbüsdə israrlı olduğunu bildirib, nə də yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu qeyd edib.
Nəşrin mənbələrindən biri bildirib: “O an hamı nəfəsini tutdu. Heç kim bunun ABŞ-ın Ukraynaya dəstəyinin tam dayandırılması demək olub-olmadığını soruşmağa cəsarət etmədi”.
Bild-in məlumatına görə, kansler Merz Trampın bəyanatının təsirini yumşaltmağa çalışıb və mümkün sülh danışıqları üçün texniki görüş keçirilməsini təklif edib. Tramp bu təklifi qəbul edib və bu, ABŞ ilə Aİ arasında koordinasiyanın tam pozulmasının qarşısını alıb.
Buna baxmayaraq, Berlin Trampın mövqeyini hər an dəyişə biləcəyindən narahatdır. Analitiklərin fikrincə, Vaşinqtonun münaqişədən tam çıxması və Rusiyaya qarşı sanksiyaların ləğvi Ukrayna üçün ağır nəticələr doğura bilər.