ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalarla gündəmə gəlib. “Fox News” telekanalına verdiyi müsahibədə Tramp Kremlin lideri Vladimir Putinin sülh danışıqları üçün “masa arxasında” olduğunu iddia edib.
Tramp bu fikirlərini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı səsləndirib. O, Türkiyəyə getməməsinin səbəbini ağır qrafik və BƏƏ-ni “məyus etmək istəməməsi” ilə izah edib.
Müsahibə zamanı o bildirib: “O, danışıqlar masasındadır və bu görüşü arzulayırdı. Mən həmişə görüşün mənsiz baş tutmayacağına inanırdım, çünki mənim fikrimcə, mənsiz razılaşma olmayacaq.”
Tramp, Vladimir Putinlə "çox yaxşı münasibətləri" olduğunu vurğulayıb və Kremlin rəhbəri ilə “sövdələşmə” edə biləcəyini bildirib. Jurnalistin Rusiya tərəfindən Ukraynaya qarşı kütləvi zərbələri xatırlatması fonunda Tramp Putinə birbaşa tənqid yönəltməkdən çəkinib. “Dayan, Vladimir” ifadəsi ilə yadda qalan çağırışı aparıcı dilə gətirsə də, Tramp döyüşlərin davamına görə Putini açıq şəkildə ittiham etməyib.
Keçmiş prezidentin fikrincə, Putin artıq müharibədən yorulub və sülhə doğru bir yol axtarır: “O, sülh istəyir və simasını xilas etməyin yollarını axtarır.”
Tramp müsahibə zamanı diqqəti Ukrayna prezidenti Vladimir Zelenskiyə yönəldərək onunla “olduqca çətin söhbət” etdiyini qeyd edib. Zelenskinin “kozırları olmadığını” iddia edən Tramp, onun diplomatik müstəvidə əlinin zəif olduğunu bildirib.