/BX LiveBLOG/
Martın 24-də İstanbulda keçirilən etirazları işıqlandıran azı yeddi jurnalist polis tərəfindən saxlanılıb. Həbslər mediaya qarşı artan təzyiqlərin bir nümunəsi kimi qiymətləndirilir.
Fransanın AFP xəbər agentliyi həbs edilən müxbiri Yasin Akgülün dərhal azad olunmasını tələb edib. AFP-nin baş direktoru Fabrice Fries, Türkiyə hakimiyyətinə müraciət edərək, Akgülün jurnalist fəaliyyətinə görə həbs olunmasını pisləyib və onun azad edilməsini istəyib.
Media və Hüquq Araşdırmaları Assosiasiyasının (MLSA) məlumatına görə, saxlanılan jurnalistlərin adları belədir:
Əli Onur Tosun – NOW TV müxbiri
Bülənt Kılıç – Fotomüxbir
Gökhan Kam – Bakırköy Bələdiyyəsinin fotomüxbiri
Hayri Tunç – Jurnalist
Kurtuluş Arı – İstanbul Böyükşəhər Bələdiyyəsinin fotomüxbiri
Yasin Akgül – AFP müxbiri
Zeynep Kuray – Sərbəst jurnalist
Jurnalistlər "mitinq və nümayişlər haqqında qanunu pozmaqda" ittiham olunurlar.
Türkiyə Jurnalistlər Birliyi bildirib ki, saxlanılan jurnalistlərə qarşı əsas dəlil kimi onların çəkdiyi fotoşəkillər göstərilib. Bu qərara etiraz edən birlik bəyan edib ki, "masa başında jurnalistika mümkün deyil, jurnalist hadisə yerində olmalıdır".
Digər tərəfdən, DİSK Basın İş təşkilatı da polis zorakılığına məruz qalan jurnalistlərin olduğunu açıqlayıb. Bildirilir ki, BirGün müxbiri Ebru Çelik və əməkdaşı Deniz Güngör polis tərəfindən təpiklənib və dəyənəklərlə döyülüb.
Türkiyənin Radio və Televiziya Üst Kurulu (RTÜK) yayımlanan xəbərlərə qarşı daha sərt nəzarət tətbiq etməyə başlayıb. RTÜK sədri Ebubekir Şahin bəyan edib ki, media orqanları yalnız rəsmi məlumatları yaymalıdır. O, qanuna əməl etməyən media qurumlarının lisenziyasının ləğv ediləcəyini bildirib. RTÜK üzvü İlhan Taşçı isə bu addımları "qanunsuz göstərişlər" kimi qiymətləndirib və bildirib ki, RTÜK rəhbərliyi kanal rəhbərlərinə zəng edərək canlı yayımları dayandırmağı əmr edir.
Türkiyədə mediaya qarşı təzyiqlərin artması, xüsusilə jurnalistlərin həbsi və media qurumlarına tətbiq edilən senzura ölkədə mətbuat azadlığının ciddi təhlükə altında olduğunu göstərir. Beynəlxalq təşkilatlar və yerli media birlikləri bu addımları kəskin pisləyir və jurnalistlərin dərhal azad edilməsini tələb edirlər.