Tramp Putinlə danışdı - 2 saata yaxın danışıqlar nəticə vermədi

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında iki saatdan artıq davam edən telefon danışığı yekunlaşıb. Danışığın əsas mövzusu Ukraynadakı müharibənin gələcəyi və mümkün sülh perspektivləri olub.

Kreml rəhbəri Vladimir Putin söhbətin ardından jurnalistlər qarşısında çıxış edərək danışıqları “konstruktiv” adlandırıb və bildirib ki, əsas diqqət hərbi əməliyyatların dayandırılması və sülh prosesinin yollarının axtarılması üzərində cəmlənib.

“Ümumiyyətlə, biz düzgün yoldayıq. Rusiya döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə aparan ən təsirli üsulları hazırlamaq lazımdır,” – deyə Putin vurğulayıb.

Putin həmçinin bildirib ki, Rusiya Ukrayna ilə atəşkəsi ehtiva edən memorandum hazırlamağa hazırdır. O, ABŞ Prezidenti Donald Trampa bu mövqeyi çatdırdığını da qeyd edib.

Lakin Rusiya lideri bu sülh prosesini öz təbliğat ritorikası ilə müşayiət edib. Onun sözlərinə görə, müharibənin əsas səbəbi Ukraynanın daxili və xarici siyasəti ilə bağlıdır, və böhranın aradan qaldırılması üçün "müəyyən razılaşmalar" vacibdir.

Putin yenidən Rusiyanın Ukraynaya qarşı əsas tələblərini gündəmə gətirib. Bu tələblərə aşağıdakılar daxildir: Ukrayna ordusunun Rusiyanın ilhaq etdiyi dörd regiondan çıxarılması, Ukrayna dövlət orqanlarının dəyişdirilməsi, Ukrayna ordusunun sayına məhdudiyyət qoyulması və Ukraynanın NATO və Aİ-yə daxil olmaq imkanından imtina etməsi və neytral status elan etməsi.

Tramp–Putin danışığı sülh prosesinin bir hissəsi kimi dəyərləndirilir. Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında görüş baş tutub. İki saatlıq danışıqlar zamanı hərbi əsirlərin kütləvi mübadiləsi və digər humanitar məsələlər müzakirə edilib. Ukrayna Prezidentinin müşaviri Mixaylo Podolyak bu danışıqlara münasibət bildirərək, Rusiyanı sülhə əsas maneə adlandırıb: “Putin bu danışıqlardan sırf təbliğat məqsədi ilə istifadə edib. Müharibənin bitməsi üçün Qərb daha sərt sanksiyalar tətbiq etməlidir,” – deyə Podolyak qeyd edib.

O əlavə edib ki, istənilən güzəşt Putinin iştahını daha da artıracaq, və yalnız daha güclü beynəlxalq təzyiqlə Kremlin hərbi ambisiyalarının qarşısı alına bilər.