Tramp bəzi ölkələrə cavab rüsumlarını 90 gün dayandırdı

ABŞ prezidenti Donald Tramp Truth Social səhifəsində bir sıra ölkələrə qarşı cavab rüsumlarının 90 gün müddətinə dayandırıldığını açıqlayıb. Güzəştlər ABŞ-a qarşı cavab tədbirləri görməyən 75-dən çox ölkəyə şamil ediləcək.

"75-dən çox ölkənin Birləşmiş Ştatlara qarşı heç bir cavab tədbiri görmədiyinə əsaslanaraq, mən 90 günlük fasiləyə və həmin müddət ərzində 10%-lik əhəmiyyətli dərəcədə azaldılmış qarşılıqlı tarifə icazə verdim" -Tramp yazıb.

Eyni zamanda, ABŞ-ın Çinə tətbiq etdiyi tariflərin 125%-ə qədər artırılması dərhal qüvvəyə minir. 

Ağ Ev rəhbəri Çinin qlobal bazara hörmətsizlik etdiyini vurğulayıb. Tramp ümid etdiyini bildirib ki, bəlkə də yaxın gələcəkdə Çin tərəfi “ABŞ-ı və digər ölkələri soymaq günlərinin” sayılı olduğunu və bu cür ticarət siyasətinin artıq məqbul olmadığını başa düşəcək. 

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Şurası ABŞ-dan gələn mallar üçün ilk rüsum paketini qəbul edib. Yeni tariflər ABŞ-ın polad və alüminium rüsumlarına cavabdır və aprelin 15-də qüvvəyə minəcək. İkinci paket isə mayın 15-də qüvvəyə minəcək.

Bundan əvvəl Polşa bəyan edirdi ki, Ukrayna ABŞ üçün yükə çevrilib və bundan qurtulmaq lazımdır. Yerli siyasi müşahidəçilərin fikrincə, ABŞ prezidenti Donald Tramp ölkəsinin prioritetlərini fərqli təyin edib.