ABŞ prezidenti Donald Tramp ölkənin xərclərini əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduğunu açıqlayıb. O, TruthSocial platformasında etdiyi paylaşımda 1 trilyon dollardan çox xərclərin azaldılmasının planlaşdırıldığını bildirib.
Tramp qeyd edib ki, bu məsələ ilə bağlı Nümayəndələr Palatasının sədri və bəzi daha mühafizəkar üzvlərlə görüş keçirib və onlara öz mövqeyini açıq şəkildə çatdırıb: "Biz xərcləri 1 trilyon dollardan çox azaltmağa hazırlaşırıq", – deyə Tramp bildirib.
O, bu istiqamətdə Nümayəndələr Palatasının üzvləri və senatorlarla birlikdə ciddi səy göstərəcəyini vurğulayıb.
Maraqlıdır ki, bu açıqlamadan cəmi bir gün əvvəl Tramp ölkənin müdafiə büdcəsinin tarixdə ilk dəfə olaraq 1 trilyon dollara çatacağını və bunun rekord məbləğ olacağını demişdi. Bu isə onun iqtisadi siyasətində həm xərclərin azaldılması, həm də müdafiəyə böyük vəsait ayrılması arasında balans axtardığını göstərir.
CNN-in məlumatına görə, bu arada Pentaqon ABŞ ordusunun yuxarı rəhbər strukturlarında, o cümlədən bəzi komandanlıqların birləşdirilməsi istiqamətində ixtisar imkanlarını nəzərdən keçirir.