Tramp "Amerikanın Səsi"nin binasının satmaq istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə federal əmlakın azaldılması strategiyası çərçivəsində, Amerikanın məşhur beynəlxalq yayım qurumu “Amerikanın Səsi”nin qərargah binasının satışa çıxarılması təşəbbüsü irəli sürülüb.

"Bizimxeber" bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, Vaşinqtonda yerləşən və tarixi Wilbur J. Cohen Federal Binası kimi tanınan bina “sürətli satış” üçün nəzərdə tutulan dövlət əmlakları siyahısına daxil edilib. Binanın ABŞ Kapitolundan cəmi iki blok aralıda yerləşməsi və bir milyon kvadrat futdan çox sahəyə malik olması onu strateji baxımdan yüksək qiymətləndirilən obyektlərdən birinə çevirir.

Əvvəllər ABŞ Sosial Təminat İdarəsi üçün inşa edilən bu bina hal-hazırda ABŞ Qlobal Media Agentliyi, Səhiyyə və İnsan Xidmətləri Departamenti, eləcə də “Amerikanın Səsi”nin qərargahı kimi istifadə olunur.

Bu potensial satışın Tramp administrasiyasının “Amerikanın Səsi”, eləcə də onun törəmə qurumları, Azad Avropa Radiosu, Azad Asiya Radiosu və Açıq Texnologiyalar Fondunu bağlamaq niyyətində olduğu bir dövrdə gündəmə gəlməsi diqqət çəkir. 

Son aylar ərzində Tramp administrasiyası Los Anceles, Klivlend, Sent-Luis və Vaşinqtonda yerləşən bir sıra federal binaların da satışını təşviq edib. Mart ayında ABŞ Ümumi Xidmətlər Administrasiyası 443 federal mülkü birdən satışa çıxardıqdan sonra bu proses artıq həftəlik əsasda həyata keçirilir.

Müvafiq məlumatlara görə, Amerikanın Səsinin qərargah binasının satılması qurumun yüzlərlə əməkdaşı və podratçısı üçün ciddi risklər doğura bilər. Hətta Konqres və ya məhkəmələr vasitəsilə maliyyə kəsintilərinin qarşısı alınsa belə, iş yerlərinin fiziki olaraq itirilməsi ehtimalı real qalır. 

Qeyd edək ki, prezident Co Baydenin administrasiyası 2023-cü ildə “Amerikanın Səsi” üçün Vaşinqtonda müasir ofis sahəsi ilə bağlı 15 illik icarə müqaviləsi imzalamışdı. Lakin bu il mart ayında Tramp tərəfindən təyin olunan Qlobal Media Agentliyinin yeni rəhbərliyi bu müqaviləni birtərəfli qaydada ləğv edib. Donald Tramp administrasiyası yanvar ayında vəzifəyə başladıqdan sonra federal xərclərin azaldılması, bəzi dövlət qurumlarının ixtisarı və ya tamamilə ləğvi, eləcə də 200 minə yaxın federal işçinin işdən azad olunması məqsədilə geniş miqyaslı kampaniyaya start verib.