Xaricdə ali təhsil almış vətəndaşın diplomu Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınmayıb.
"Bizimxeber" bildirir ki, buna səbəb kimi onun təhsil müddətində Belarusda kifayət qədər olmaması göstərilib. Vətəndaş bu qərarla razılaşmayaraq məhkəməyə müraciət edib.
O, 2015–2020-ci illərdə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis” ixtisası üzrə qiyabi əsaslarla təhsil alıb və müvafiq diplomla məzun olub.
Diplomun tanınması üçün TKTA-ya elektron formada müraciət edib. Lakin agentlik onun Belarusda təhsil müddətində kifayət qədər ölkədə olmamasını əsas gətirərək tanınmadan imtina edib. İddiaçı bildirib ki, pandemiya səbəbilə bir sessiyada universitetə gedə bilməyib, lakin digər illərdə Belarusda olub və proqramı tam yerinə yetirib. O, universitetin beynəlxalq standartlara uyğun təhsil verdiyini vurğulayıb.
TKTA isə təqdim olunan sərhəd keçidləri məlumatlarının təhsil tələblərinə uyğun olmadığını əsas gətirib. Bakı İnzibati Məhkəməsi vətəndaşın iddiasını haqlı sayaraq TKTA-nın qərarını ləğv edib və diplomun tanınmasını tələb edib.