Beynəlxalq ticarət aləmi yeni gərginliklə çalxalanır. ABŞ-ın bir çox ölkəyə qarşı genişmiqyaslı gömrük tarifləri tətbiq etməsi qlobal səviyyədə ciddi narahatlıqlara səbəb olub. Bu addıma sərt reaksiyalardan biri də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasdan gəlib.
Varşavada Aİ müdafiə nazirlərinin görüşü öncəsi danışan Kallas, ticarət müharibələrinin heç kimə fayda gətirmədiyini deyib: "Ticarət müharibələrində qaliblər yoxdur və aydındır ki, bütün bu tariflər istehlakçılar üçün qiymətləri qaldıracaq və sonda biz hər şeyin əvəzini ödəməli olacağıq".
Bu, sadə bir siyasi bəyanatdan daha çox, hər birimizin cibinə təsir edəcək bir reallıqdır. Tarix göstərir ki, ticarət müharibələri qlobal təchizat zəncirlərini pozur, biznes üçün qeyri-müəyyənlik yaradır və nəticədə gündəlik məhsulların qiymətini artırır. Kallasın da dediyi kimi, bu "oyunun" sonunda əsas yük adi vətəndaşların, yəni bizlərin üzərinə düşür.
ABŞ-ın bu addımı, Rusiya kimi bir neçə istisna xaricində, demək olar ki, bütün dünya ölkələrinə təsir edir. Ağ Evin mövqeyinə görə, Rusiya onsuz da mövcud sanksiyalar səbəbindən "mənalı ticarətdən" kənarda qaldığı üçün yeni tariflərdən azaddır.
Bu vəziyyət təkcə Kallasın narahatlığı ilə məhdudlaşmır. ABŞ Maliyyə Naziri Skott Bessant, hədəf alınan ölkələri tələsik cavab addımlarından çəkinməyə çağırsa da, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu tarifləri "qlobal iqtisadiyyata ciddi zərbə" adlandırıb və Aİ-nin cavab verməyə hazır olduğunu bildirib. Bu, gərginliyin daha da arta biləcəyindən xəbər verir.
Maraqlıdır ki, Kallas ticarət məsələləri ilə yanaşı, Aİ-nin müdafiə sənayesi mövzusuna da toxunub. O, ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etməklə yanaşı, Avropa Birliyinin öz müdafiə qabiliyyətini gücləndirməli və silah təchizatını şaxələndirməli olduğunu vurğulayıb: "Hazırda biz amerikalılardan çoxlu (silah) alırıq, lakin portfelimizi diversifikasiya etməliyik... çoxşaxəli portfelimiz olsun". Bu, Aİ-nin ticarət gərginlikləri fonunda daha çox strateji müstəqilliyə can atdığını göstərə bilərmi? /Bizimxeber Live BLOG/