Tesla bazarda 600 milyard dollara yaxın dəyər itirib - Mask rəsmi fəaliyyətini azaldacaq

Tesla-nın baş direktoru Elon Musk may ayından etibarən ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında yaradılmış Hökumətin Səmərəliliyi Departamentində (DOGE) keçirdiyi vaxtı əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb.

Bu qərar Tesla-nın son rübdə açıqladığı zəif maliyyə göstəricilərindən sonra verilib. Şirkətin satış gəliri 20 faiz, xalis mənfəəti isə 71 faiz azalaraq investorlar arasında ciddi narahatlıq yaradıb. Tesla səhmləri ilin əvvəlindən bu günədək 40%-dən çox dəyər itirib.

Elon Musk DOGE-dəki fəaliyyətini tam dayandırmasa da, dövlət məsələlərinə yalnız həftədə bir və ya iki gün ayıracağını bildirib. O qeyd edib ki, israfçılığın və sistemdəki saxtakarlıqların geri qayıtmasının qarşısını almaq üçün prezident Trampa dəstəyini davam etdirəcək.

Şirkətin üzləşdiyi çətinliklər təkcə maliyyə itkiləri ilə məhdudlaşmır. Çindən artan rəqabət, məhsul çeşidinin yenilənməməsi və ABŞ və Avropada baş verən etirazlar Tesla-nın imicinə mənfi təsir göstərib. Bundan əlavə, Musk-ın Trampla yaxın əlaqələri və Almaniyada ifrat sağçı siyasi qüvvələrə dəstəyi də marka reputasiyasına zərbə vurub.

DOGE öz fəaliyyətlərinin büdcəyə 160 milyard dollarlıq qənaət gətirdiyini iddia etsə də, eyni dövrdə Tesla bazarda 600 milyard dollara yaxın dəyər itirib. Bu göstəricilər Musk-ın siyasi aktivliyinin onun əsas biznesinə mənfi təsir etdiyini göstərir.