Elm və Təhsil naziri Emin Əmrullayev... Bu gün Azərbaycanda məktəblilərdən soruşsanız ki, təhsil nazirinin adı nədir, inanın ki, çoxu bilməyəcək. Bəs bu, vacibdirmi?
Bu çox ciddi və vacib bir sualdır. Məncə, bilməlidir. Hər bir məktəbli təhsil aldığı, gələcəyini ona verən təhsil sisteminin kimlər tərəfindən, necə və hansı formada idarə olunduğunu bilməlidir. Bu, onun haqqıdır.
Amma bu gün 11 il bir məktəbdə oxuyan şagirdlərin əksəriyyəti nəinki nazirini, heç məktəb direktorlarını belə tanımır, onları uzaqdan görsə belə, bilməyəcək kimdir, nəçidir...
Bu gün on minlərlə şagird onun gələcəyini müəyyən edən təhsil sisteminin başında duran şəxsi tanımır. Yüz minlərlə şagird məktəbdəki hüququnu, haqqının nədən ibarət olduğunu bilmir.
On minlərlə müəllim məktəbdəki hüququndan xəbərsizdir. Direktor isə nə müəllim, nə də şagird qarşısında hüququnun və vəzifələrinin nədən ibarət olduğunu dəqiq bilmir.
Azərbaycanda müəllim bilmir ki, şagird hansı hərəkətləri edə bilməz, eyni zamanda şagird də bilmir ki, müəllimin hüquqları harada başlayır, harada bitir. Bu isə onu göstərir ki, məktəblərdə şagird–müəllim, müəllim–direktor, direktor–valideyn münasibətləri necə qurulmalı olduğu və bu şəxslərin hüquq və vəzifələrinin nədən ibarət olduğu barədə sistemli bilik və yanaşma yoxdur.
Hətta bu gün bəlkə də bölgələrdə elə müəllim var ki, Təhsil nazirinin kim olduğunu bilmir. Bütün bunlar təhsil sistemindəki ciddi boşluqların və nizamsızlıqların açıq göstəricisidir.
Bununla yanaşı, təhsil sistemində sistemli və bütün ölkə üzrə təhsilə, şagirdlərə, müəllimlərə və direktorlara konkret təsir edə biləcək bir model, mexanizm hələ də qurulmayıb. Azərbaycan təhsili başsız atlı kimi hara gəldi vurnuxur. Konkret qərar yoxdur, konkret və eyni hədəfi döyəcləyəcək davamlı addımlar yoxdur, gələcəyə hesablanmış geniş və əhatəli proqram isə ümumiyyətlə yoxdur.
Ədil Hüseynov
Bizimxeber LiveBLOG