Təhsil keyfiyyəti yox, qiyməti artır - Özəl universitetlər yenə bahalaşır

Azərbaycanda bir sıra özəl universitetlərdə 2024–2025-ci tədris ili üçün təhsil haqlarının artırılması nəzərdə tutulur. Bu barədə universitetlərdən məlumat verilib. 

"Bizimxeber" bildirir ki, bəzi ali təhsil müəssisələri artıq qiymət artımı ilə bağlı qərarlar qəbul edib, digərləri isə Elm və Təhsil Nazirliyinin təsdiqindən sonra qərar verəcəklər.

Məsələn, Bakı Biznes Universiteti təhsil haqlarının ən azı 15–20 faiz artırılacağını açıqlayıb. Universitet rəhbərliyi bunu dövlət xərclərinin artması ilə əsaslandırır. Bildirilib ki, yeni plan yerləri təsdiqləndikdən sonra dəqiq rəqəmlər açıqlanacaq.

Digər tərəfdən, Kooperasiya, Xəzər və Azərbaycan Universitetləri isə hazırda qiymət artımını planlaşdırmadıqlarını bildiriblər. Lakin bu qərarların da dəyişə biləcəyi ehtimal olunur, çünki Odlar Yurdu Universiteti kimi bəzi universitetlər hələlik rəsmi qərar verməsə də, plan yerlərinin və yeni ixtisasların təsdiqindən sonra qiymət artımını istisna etmir.

Qiymət artır, amma reytinq sabitdir – ya da mövcud deyil...

Ötən tədris ilinə nəzər saldıqda, bu universitetlərdə illik təhsil haqları aşağıdakı kimi dəyişib:

Xəzər Universiteti: 2500 – 4000 manat (ixtisasa görə)
Azərbaycan Universiteti: 2000 manat
Bakı Biznes Universiteti: 2500 manat
Odlar Yurdu və Kooperasiya Universitetləri: 2000 – 2200 manat

Bütün bu universitetlərin ümumi xüsusiyyəti ondan ibarətdir ki, dünyanın nüfuzlu təhsil reytinqlərində adları belə yoxdur. Lakin buna baxmayaraq, hər il ödənişləri artırmağa davam edirlər.

Təəssüf ki, təhsilin keyfiyyətini artırmaq, beynəlxalq akkreditasiyalardan keçmək, xarici professorları dəvət etmək və ya elmi tədqiqatları gücləndirmək əvəzinə, bir çox özəl universitetlər ancaq maliyyə gəlirlərini artırmağa fokuslanır. Bu isə tələbələrin narazılığına səbəb olur.

Məhz bu səbəbdən son illərdə minlərlə azərbaycanlı gənc Türkiyə, Rusiya və Avropa ölkələrinin universitetlərinə üz tutur. Bu ölkələrdə təhsil haqları həm daha münasib, həm də universitetlərin dünya reytinqlərindəki yeri daha yüksəkdir. Üstəlik, təhsil sistemi daha şəffaf, tədris daha keyfiyyətlidir.

Beləliklə, Azərbaycan öz təhsil sistemində islahatlar aparmaq əvəzinə, təhsil biznesinə çevrilmiş bir modeli davam etdirir. Nəticədə isə ölkədə kadr çatışmazlığı, beyin axını və gənclər arasında ümidsizlik kimi problemlər daha da dərinləşir.