Rusiya mətbuatının məlumatına görə, Tatarıstanın Yelabuqa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib. Şəhər sakinləri gecə saatlarında bir neçə güclü partlayış səsi eşitdiklərini bildiriblər.
"Bizimxeber" bildirir ki, məlumata görə, həmin vaxt Rusiya hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və bölgədə intensiv hərbi aktivlik müşahidə olunub. Hücumun nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib.
Hücumla eyni vaxtda Tatarıstandakı Nijnekamsk hava limanı bağlanıb – nə sərnişin qəbul olunur, nə də uçuşlar həyata keçirilir. Sakinlər bildirirlər ki, hava limanı və ətraf bölgədə hava məkanında dron əleyhinə əməliyyatlar aparılır.
Qeyd olunur ki, Yelabuqa şəhərində "Şahed" tipli İran istehsalı dronların yığıldığı zavod yerləşir. Bu obyektin hücumun əsas hədəfi olduğu ehtimal edilir, lakin bu barədə də rəsmi təsdiq yoxdur.
Hadisə zamanı sosial şəbəkələrdə bölgə sakinlərinin səmadakı partlayışları və hava hücumundan müdafiə sisteminin fəaliyyəti zamanı yaranan işıq effektlərini videoya çəkərək paylaşdıqları bildirilir.