Suriyada siyasi dəyişikliklər təkcə daxili idarəçiliyə yox, beynəlxalq iqtisadi münasibətlərə də öz təsirini göstərməyə başlayıb. Hakimiyyət dəyişikliyindən sonra Rusiya, Suriyaya ilk dəfə olaraq yeni hökumətə 6,6 min ton buğda tədarük edib. Bu, illərdir davam edən qarşılıqlı əməkdaşlıqda yeni səhifənin açıldığını göstərir.
Aprelin 20-də “Pola Marina” adlı yük gəmisi 6,6 min ton buğda ilə Suriyanın Latakiya limanına daxil olub. Yük Suriyanın Dəniz və Quru Limanlar Baş İdarəsi tərəfindən təsdiqlənib, lakin maraqlısı budur ki, buğdanın mənbəyi rəsmi sənədlərdə göstərilməyib. TASS-ın məlumatına görə, bu tədarükü əvvəllər Suriyaya taxıl göndərməmiş yeni bir Rusiya şirkəti həyata keçirib.
Hazırda bu tədarük birdəfəlik aksiya kimi qiymətləndirilir. Yəni, hələlik Rusiya ilə Suriya arasında əvvəlki kimi müntəzəm taxıl tədarükündən danışmaq hələ tezdir. Bu, həm də iqtisadi və siyasi qeyri-müəyyənliyin hələ tam aradan qalxmadığını göstərir.
Bütün bunlar fonunda daha maraqlı məqam ortaya çıxıb. Suriyanın Rusiyaya olan taxıl borcu...
“STG Engineering” şirkəti bildirib ki, Suriya tərəfinin artıq çatdırılmış buğdaya görə 116 milyon dollarlıq borcu var. Və yeni hökumət bu borcu tanımaqdan imtina edir.
Trifonovun şirkəti son üç ildə Suriyaya 1,1 milyon ton taxıl göndərib və bu, ümumilikdə Rusiya taxılının Suriyaya ixracının yarısını təşkil edir. Bu rəqəmlər əməkdaşlığın miqyasını göstərməklə yanaşı, yaranmış borc probleminin ciddi xarakterini də ortaya qoyur.
Hazırkı tədarük həm siyasi jest, həm də iqtisadi test xarakteri daşıyır. Rusiya, yeni hökumətlə əlaqə qurmaqda maraqlı olduğunu göstərir, lakin eyni zamanda keçmiş borcların necə həll olunacağı məsələsində ciddi mövqedədir. Bu, təkcə Rusiya-Suriya münasibətləri üçün deyil, bölgədəki digər oyunçular üçün də mühüm siqnaldır.