Suriya Rusiya ilə diplomatik münasibətlərində yeni bir mərhələyə qədəm qoyur.
TASS agentliyinin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Suriyanın Rusiyadakı hazırkı səfiri Bəşər Cəfəri yaxın günlərdə Dəməşqə geri çağırılacaq. Suriya Xarici İşlər Nazirliyi isə Moskvada yeni səfirin təyinatını elan etməyə hazırlaşır. Bu qərarla bağlı rəsmi bildiriş artıq səfirə göndərilib. Beləliklə, Suriya diplomatik missiyasının rəhbəri dəyişəcək. Qeyd olunur ki, dəyişiklik kadr rotasiyası çərçivəsində həyata keçirilir.
Bu qərardan əvvəl Suriyanın Rusiyadakı səfirliyinin rəsmi Telegram kanalının sındırıldığı və bəzi saxta məlumatların yayıldığı bildirilmişdi. Həmin vaxt səfirliyin mətbuat xidməti Bəşər Cəfərinin dəyişdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi. Lakin son məlumatlar göstərir ki, bu dəyişiklik artıq rəsmi dairələr tərəfindən təsdiqlənib.
Bundan əlavə, Suriyanın Səudiyyə Ərəbistanındakı səfiri də geri çağırılacaq. Suriyanın dövlət xəbər agentliyi SANA yazır ki, Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şibani tərəfindən imzalanan qərara əsasən, hər iki səfir Dəməşqdəki mərkəzi ofisə köçürüləcək.
Son günlərdə Suriyada dövlət strukturlarında kadr dəyişiklikləri diqqət çəkir. Aprelin 7-də məlum olub ki, Maher Hüseyn əl-Şaraa ölkənin hökumət baş katibi təyin olunub. Maraqlı məqam ondan ibarətdir ki, o, 2014–2021-ci illərdə Voronej Yol Klinik Xəstəxanasında ginekoloq və şöbə müdiri işləyib. Eyni zamanda, o, Suriyanın yeni prezidenti Əhməd əl-Şaraanın böyük qardaşıdır.