"Suriya dağıdıcı vətəndaş müharibəsinə qayıda bilər" - ABŞ-dan sensasion açıqlama

Amerika Birləşmiş Ştatları Suriyada vəziyyətin kəskin şəkildə pisləşə biləcəyinə dair ciddi xəbərdarlıq edib. Tramp administrasiyasının nümayəndələri gözlənilmədən Suriyanın yeni hökumətinin yaxın həftələrdə dağılacağı ehtimalını səsləndiriblər.

ABŞ Dövlət katibi Marko Rubio verdiyi açıqlamada bildirib: “Birləşmiş Ştatlar Suriyanın müvəqqəti hökumətinin yaxın bir neçə həftə ərzində yıxılması ehtimalını tanıyır və bu halda ölkə genişmiqyaslı vətəndaş müharibəsi ilə üz-üzə qala bilər.”

Bu açıqlama beynəlxalq ictimaiyyət arasında ciddi rezonans doğurub. 2011-ci ildən başlayan və yüz minlərlə insanın həyatına son qoyan vətəndaş müharibəsindən sonra Suriya uzun illərdir sabitlik axtarışındadır. Hazırkı müvəqqəti hökumət BMT və bəzi Qərb ölkələrinin dəstəyi ilə formalaşmışdı. Lakin son günlərdə daxili siyasi çəkişmələr və iqtisadi çöküş vəziyyəti daha da gərginləşdirib.

Müşahidəçilər bildirirlər ki, əgər Suriyada hökumət yenidən çökərsə, ölkə ikinci dəfə dağıdıcı vətəndaş müharibəsinin içinə sürüklənə bilər.