Suriya Xarici İşlər Naziri Əsəd Əl-Şeybani bildirib ki, Suriya və ABŞ arasında birbaşa və yüksək səviyyəli danışıqlar aparılır. O, bu barədə Əl-Ərəbiyyə telekanalına verdiyi eksklüziv müsahibəsində danışıb.
Nazir qeyd edib ki, Suriya ABŞ ilə strateji münasibətlər qurmağa açıqdır və iki ölkə arasında ortaq maraqlar çoxdur. “Amerika ilə danışıqlar birbaşa və ən yüksək səviyyədədir”, – deyə Əl-Şeybani bildirib.
O, əlavə edib ki, Vaşinqtonun bəzi tələbləri Suriya hökumətinin prinsipləri ilə uzlaşır, bu isə gələcəkdə sanksiyaların ləğvinə səbəb ola bilər. Eyni zamanda, Əl-Şeybani qeyd edib ki, Dəməşq siyasi məqsədlərlə tətbiq olunan sanksiyaları qəbul etmir.
Xatırladaq ki, ötən həftə ABŞ-ın BMT-dəki səfiri vəzifəsini icra edən Doroti Şi Suriyanın sanksiyalardan azad olunması üçün konkret şərtləri açıqlamışdı. Bu tələblər arasında:
Suriyanın terrorizmdən tamamilə əl çəkməsi və onun yatırılması,
Qonşu dövlətlərə qarşı təcavüzkar siyasətdən imtina etməsi,
Xarici terrorçu döyüşçülərin rəsmi strukturlardan uzaqlaşdırılması,
İranın və onun dəstələrinin Suriyadakı rolunun məhdudlaşdırılması,
ABŞ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və kütləvi qırğın silahlarının məhvinə dəstək verilməsi kimi maddələr yer alır.
ABŞ rəsmilərinin sözlərinə görə, Əl-Şeybaninin ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşü yaxın günlərdə gözlənilir.
Əl-Şeybani həmçinin Suriyanın Rusiya və Çinlə balanslı əlaqələrə sadiq olduğunu da bildirib. Onun sözlərinə görə, Dəməşq Rusiyanın siyasi, iqtisadi və hərbi dəstəyindən faydalanmağa davam edəcək. Çinlə bağlı isə Suriyanın yaxın gələcəkdə yenidənqurma işlərində əməkdaşlıq etməyi planlaşdırdığı vurğulanıb.
Nazir İsrailin Suriyada həyata keçirdiyi hava zərbələrini “qəbuledilməz” adlandıraraq, Suriya tərəfinin regionda heç bir təhlükə yaratmaq niyyətində olmadığını qeyd edib.