Sülh planında nə var? - Sülhməramlılar və...

ABŞ prezidenti Donald Tramp, Ukrayna ilə bağlı sülh planını yaxın üç gün ərzində təqdim edəcəyini vəd edib. 

“New York Post” yazır ki, Tramp, jurnalistlərin Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı sualına konkret cavab verməsə də, bu mövzuda Rusiya və Ukrayna ilə çox yaxşı görüşlər keçirdiklərini vurğulayıb:“Qarşıdakı üç gün ərzində sizə tam təfərrüatları verəcəyəm. Amma Ukrayna və Rusiya ilə çox yaxşı görüşlərimiz oldu. Bunun necə nəticələnəcəyini görəcəyik”.

Sülh planında nə var?

New York Post qəzetinin daha əvvəl yaydığı məlumata əsasən, Trampın sülh planında Avropa sülhməramlı qüvvələrinin Ukraynaya yerləşdirilməsi də nəzərdən keçirilə bilər. Bu addımın atəşkəs rejiminin təmin olunması məqsədi daşıdığı bildirilir.

Plana görə, Rusiya, Ukrayna və NATO-ya daxil olmayan bir ölkənin iştirakı ilə beynəlxalq komissiya formasında sülhməramlı qüvvə yaradılması müzakirə olunur. Bu qüvvə təmas xəttinə nəzarəti təmin edəcək. ABŞ-ın bu prosesdə birbaşa hərbi yox, daha çox maliyyə dəstəyi ilə iştirak etməsi planlaşdırılır.

Rusiya tərəfi də bu yöndə mesajlar göndərməkdədir. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Andrey Klimov bəyan edib ki, əgər Kiyev qoşunlarını Rusiya ərazilərindən çıxararsa, Moskva atəşkəsə zəmanət verməyə hazırdır.