/BX LiveBLOG/
Amerikalıların demək olar ki, yarısı Qrenlandiyanın (Danimarkanın tərkibində geniş muxtariyyət hüququ olan ərazi) və Kanadanın ABŞ-a daxil edilməsinə qarşıdır.
"Bizimxeber" bildirir ki, bunu “Yahoo News” portalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Respondentlərin 57%-i Kanadanın ABŞ-a qoşulmasının əleyhinə olub. Qrenlandiyanın ilhaqına qarşı çıxanların sayı 49% təşkil edib. Sorğu iştirakçılarının müvafiq olaraq 17%-i və 19%-i bunun tərəfdarıdır.
26% və 32% bu məsələlərdə qərarsız olub. Respondentlərin 69%-i kanadalılara müsbət münasibət bəslədiyini bildirib. Qonşu ölkəyə mənfi münasibət bəsləyənlər 13 faiz təşkil edir.
Sorğu martın 20-dən 24-dək aparılıb. Sorğuda 1700-ə yaxın ABŞ sakini iştirak edib. Səhv marjası 2,7 faiz bəndi təşkil edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın 7-də bildirib ki, Qrenlandiyanın ABŞ-a qoşulması lazımdır. O, Danimarka adadan imtina etməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hətta ilk prezidentlik dövründə (2017-2021) Qrenlandiyanı almağı təklif edib. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd edir.