Somalinin mərkəzində silahlı qarşıdurma - Yaraqlılar məhv edildi

Somalidə təhlükəsizlik qüvvələri və müttəfiq hava dəstəyi Əl-Şəbab qruplaşmasına ağır zərbələr endirib.

Rəsmi məlumatlara əsasən, son hava hücumu nəticəsində Somalinin mərkəzində azı 12 yaraqlı öldürülüb. Ardınca cənub-qərbdə yerləşən Baidoa yaxınlığında hərbi bazaya hücum etməyə çalışan 35 ekstremist də ordu tərəfindən zərərsizləşdirilib.

Bu hava əməliyyatı çərşənbə günü axşam, Əl-Qaidə ilə əlaqəli Əl-Şəbab qruplaşmasının strateji şəhərə hücum cəhdindən qısa müddət sonra həyata keçirilib. Qrup illərdir ölkədə İslam qanunlarının sərt təfsiri ilə idarəetmə qurmaq uğrunda mübarizə aparır.

Xüsusilə keçən ay paytaxt Moqadişudan 50 km aralıda yerləşən bəzi kəndlərin qısa müddətlik ələ keçirilməsi, əhali arasında yenidən qeyri-sabitlik qorxusunu artırmışdı.

Somali hökumətinin açıqlamasına görə, ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) ilə birgə həyata keçirilən zərbə nəticəsində yüksək səviyyəli bir neçə Əl-Şəbab döyüşçüsü də məhv edilib. İnformasiya Nazirliyi X (keçmiş Twitter) platformasında yayımladığı açıqlamada bildirib:“Məqsədli zərbə yaraqlıların toplanma və sığınacaq kimi istifadə etdiyi əraziyə endirilib. Ən önəmlisi, mülki itkilər yoxdur”.

Eyni gün, Baidoa şəhəri yaxınlığında baş verən digər əməliyyatda isə ordu 35 yaraqlını öldürərək növbəti hücumun qarşısını alıb. Bütün bu hadisələrin fonunda Adan Yabaal şəhərində şiddətli döyüşlər davam edir. Bu şəhər həmçinin Əl-Şəbaba qarşı reydlər üçün strateji əməliyyat bazası sayılır. Lakin hökumət və qruplaşma arasında şəhərin nəzarəti ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur.

Əl-Şəbab tərəfi 10 hərbi obyektin zəbt edildiyini iddia edir. Yerli əsgərlər isə Reuters-ə bildiriblər ki, qrupun bir müddətlik ələ keçirdiyi kəndlər geri alınıb, lakin təhlükə tam sovuşmayıb. Hökumət artıq əlavə dəstək üçün bölgəyə polis və həbsxana mühafizəçiləri də göndərib.