SOCAR, Exxon Mobil və BP Azərbaycanda yeni neft və qaz müqaviləsi imzaladı

Azərbaycan enerji sektorunda mühüm addım atıb. Dövlət Neft Şirkəti SOCAR ABŞ-ın enerji nəhəngi Exxon Mobil və Böyük Britaniyanın British Petroleum (BP) şirkətləri ilə neft və qaz kəşfiyyatı üzrə yeni müqavilələr imzalayıb.

"Bizimxeber" bildirir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Rəsmi şəxslərin bildirdiyinə görə, Azərbaycanın neft hasilatı əsasən Xəzər dənizindəki artıq işlənmiş yataqlardan asılıdır. Lakin yeni müqavilələr sayəsində qarşıdakı 5 il ərzində hasilat səviyyəsinin gündə təxminən 582 min barel səviyyəsində saxlanması planlaşdırılır. Bu məqsədə Qərb enerji şirkətlərinin investisiyaları hesabına çatmaq nəzərdə tutulur.

Exxon Mobil və SOCAR arasında quruda neft və qazın kəşfiyyatı və hasilatına dair saziş imzalanıb.BP şirkətinin isə Xəzər dənizindəki yeni yataqların işlənməsi istiqamətində fəaliyyətə başlayacağı gözlənilir. Bu əməkdaşlıq Azərbaycanın enerji sektorunda beynəlxalq tərəfdaşlıqları daha da gücləndirəcək.