Şirməmməd Əliyev - Elm və zəka ilə yoğrulmuş bir ömür başa çatdı

Neftçala rayon içtimaiyyətinə və təhsil sahəsinə ağır itki üz verib. 

Ömrünün 45 ilə yaxın bir müddətini təhsil sistemində müxtəlif vəzifələrdə işləmiş, şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynamış tanınmış tarix müəllimi, Əliyev Şirməmməd Həsən oğlu uzun sürən xəstəlikdən sonra 7 may 2025-ci ildə əbədiyyətə qovuşdu.

Şirməmməd Əliyev 13 dekabr 1946-cl ildə Neftçala rayonunun Abasallı kəndində anadan olmuşdur. 1964-cü ildə Xıllı qəsəbə orta məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə Tatarməhlə kənd kitabxanasında müdir vəzifəsində başlamışdır. 1965-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə vermiş və 1969-cu ildə oranı qırmızı diplomla bitirmişdir. Elə həmin il Neftçala şəhər orta məktəbində tarix müəllimi kimi təhsil sistemində işə başlamışdır. 

1969-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. 1970-ci ildə hərbi xidməti başa vurduqdan sonra Aşağı Qaramanlı kənd 8-illik məktəbinə müvəqqəti olaraq direktor təyin edilmişdir.

1973-cü ildə əvvəl Neftçala şəhər orta məktəbində tarix müəllimi işləmiş, daha sonra isə həmin məktəbdə Tərbiyə işləri üzrə təşkilatçı vəzifəsinə irəli çəkilmişdir. 

1979-cu ilin fevral ayında isə Neftçala Rayon Xalq Maarif Şöbəsinə (indiki Rayon Təhsil setkoru) Metodkabinet müdiri vəzifəsinə təyin edilmişdir.

1985-ci ildə iş keyfiyyətini və bacarıq qabiliyyətini nəzərə alaraq, əvvəl Neftçala rayon Partiya Komitəsinin təşkilat şöbəsinə təlimatçı, 1990-cl ilin fevral ayında isə daha yüksək vəzifəyə, Kargüzarlıq bölməsinə müdir təyin edilmişdir.

1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayına kimi daha yüksək vəzifədə, Neftçala rayon Partiya Komitəsinin Nəzarət komissiyasının sədri vəzifəsində çalışmışdır.

1991-ci ildən 1995-ci ilə kimi Neftçala Rayon Xalq Maarif Şöbəsində əvvəl metodist, daha sonra isə Metodiki mərkəzin direktoru vəzifəsində işləmişdir. 

1995-ci ildə Şirməmməd Əliyev daha yüksək vəzifəyə, Neftçala Rayon Xalq Deputatları Soveti sədrinin müavini vəzifəsinə seçilmişdir.

1996-cı ilin yanvar ayından 2014-cü ilin fevral ayına kimi (təqaüdə çıxana qədər) yenidən Neftçala Rayon Təhsil şöbəsində metodiki Mərkəzin direktoru və Neftçala şəhər 4 saylı orta məktəbdə tarix müəllimi kimi çalışmışdır.

Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah Rəhmət Eləsin!

Qabaqcıl təhsil işçisi,
"Tərəqqi" medallı Əlövsət Rzayev