Şimali Koreyanın kömür daşıyan gəmisi Abramoviçin yaxtası qiyafəsində Çinə üzdü

Şimali Koreya BMT-nin sanksiyalarını pozaraq kömür daşıyan gəmisini Rusiya oliqarxı Roman Abramoviçin yaxtası kimi maskalayıb və Çinə göndərib.

"Bizimxeber" bildirir ki, bu barədə Cənubi Koreyanın "NK News" nəşri məlumat yayıb.

Məlumata görə, müəmmalı yük gəmisi 6 mayda Şimali Koreyanın limanlarından birini tərk edib və 8 mayda Çinin Yantay şəhərinə çatıb. Yantay, Şimali Koreya kömürünün qeyri-rəsmi daşınma mərkəzlərindən biri kimi tanınır. 

Jurnalistlərin araşdırmasına əsasən, Şimali Koreya öz gəmisini Abramoviçin məşhur "Eclipse" yaxtasının identifikasiyası ilə maskalayıb. 162 metrlik bu yaxta adətən Türkiyənin Marmaris sahillərində, Egey dənizində olur. Abramoviçin yaxtasının bu prosesdə iştirakından və ya xəbərdar olub-olmamasından hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, 2006-cı ildən BMT Şimali Koreyaya kömür ixracını tamamilə qadağan edib. Lakin rəsmi Pxenyan bu qadağaları tez-tez pozur və öz gəmilərində saxta identifikasiya sistemlərindən istifadə edir. Bu, sanksiyalardan yayınmaq və qaçaqmalçılığı gizlətmək məqsədi daşıyır.

Xatırladaq ki, 2002-ci ildən başlayaraq su tutumu 300 ton və ya daha çox olan bütün dəniz gəmiləri Avtomatik İdentifikasiya Sistemi (AIS) ilə təchiz edilməlidir. Bu sistem vasitəsilə gəminin yeri, sürəti və kursu haqqında məlumatlar real vaxtda ötürülür.