Şimali Koreya ilk dəfə - "Əsgərlərimiz Rusiya tərəfindən döyüşür"

Şimali Koreya ilk dəfə olaraq ölkə lideri Kim Çen Inın əmri ilə əsgərlərini Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşmək üçün göndərdiyini rəsmən təsdiqləyib. 

"BX Live" bildirir ki, eyni zamanda aylarla susqunluqdan sonra Rusiya da Şimali Koreya qoşunlarının bölgədə olduğunu təsdiqləyib.

Yayımlanan bəyanatda Şimali Koreyanın KCNA dövlət agentliyi bildirib ki, Kursk bölgəsindəki döyüşlərin sonu Şimali Koreya və Rusiya arasında dostluğunun ən yüksək strateji səviyyəyə çatdığını göstərir.

Şimali Koreya rəhbərliyi bildirib ki, Kim Çen In 2024-cü ilin iyununda Putinlə imzaladığı hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə əsaslanaraq bu qərarı verib. “Dövlət başçısının göstərişi ilə, Şimali Koreya əsgərləri Rusiya ərazisini öz torpaqları kimi qəbul ediblər və iki ölkə arasında güclü ittifaqın sübutu olublar”, — KCNA qeyd edib.

Şimali Koreya həmçinin Rusiyaya sursat, artilleriya mərmiləri, ballistik raketlər və digər silahlar da tədarük edir.

Bu arada Ukrayna rəsmiləri bildiriblər ki, Şimali Koreya ümumilikdə 14 min əsgər göndərib, bunların 3000-i yeni qüvvədir. Əsgərlərin əksəriyyəti döyüş təcrübəsi və müasir texnologiyaya malik olmasa da, tez uyğunlaşdıqları qeyd olunur. 

ABŞ Dövlət Departamenti isə Pxenyanın birbaşa müharibədə iştirakına görə narahatlığını ifadə edib və Şimali Koreyanı bu hərbi yerləşdirməyə dərhal son qoymağa çağırıb. Həmçinin Zelenski Şimali Koreya əsgərləri arasında 4000-dən çox itkinin olduğunu deyib. ABŞ rəsmilərinin təxminlərinə görə isə bu rəqəm 1200 nəfər civarındadır.