Si Cinpindən Putinə nadir musiqi hədiyyəsi - Kremlə Qrammofon gətirildi

Moskvaya Qələbə paradına gələn Çin Xalq Respublikasının sədri Si Cinpin Putinə qeyri-adi  hədiyyə təqdim edib.

"Bizimxeber" TASS-a istinadən bildirir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpini müşayiət edən nümayəndə heyəti Kremldə keçirilən rəsmi mərasimə boyalı retro üslublu qrammofon gətirib. Hədiyyə Kremlin məşhur Georgi zalına iki nəfərlik müşayiətlə, diqqətlə aparılıb. Bu qrammofon yalnız səs cihazı deyil, həm də sənət əsəri kimi təqdim olunur. Qızıl damarlı bürünc rəngli iri qabıqlı səs borusu, quşlar və çiçəkli budaqlarla bəzədilmiş taxta korpus cihazı həm nostaljik, həm də bədii baxımdan unikal edir.

Çin heyəti bununla kifayətlənməyərək Kremlə ənənəvi Çin motivləri ilə bəzədilmiş oymalı konsol masası və digər suvenirlər də təqdim edib. Bu, Pekin və Moskva arasında dostluğun yalnız siyasi yox, mədəni səviyyədə də dərinləşdiyini göstərir.

Si Cinpin Rusiyaya Qələbə Günü münasibətilə keçirilən hərbi paradda iştirak etmək üçün gəlib. O, artıq Vladimir Putinlə görüş keçirib və əsas gündəm məsələləri – Ukraynadakı vəziyyət və Rusiya-ABŞ münasibətləri müzakirə olunub.

Tədbirlərdə iştirak edən digər liderlər sırasında Serbiya prezidenti Aleksandr Vuçiç, Braziliya lideri Luiz İnasio Lula da Silva və Kuba prezidenti Migel Diaz-Kanel də var.