Si Cinpindən Avropa Birliyinə gözlənilməz təklif - "ABŞ-a qarşı birləşək"

Çin prezidenti Si Cinpin Avropa İttifaqına gözlənilməz mesaj ünvanlayıb.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, o, Pekində İspaniyanın baş naziri Pedro Sançeslə keçirdiyi görüş zamanı bildirib ki, Çin və Avropa İttifaqı ABŞ-ın birtərəfli siyasətinə qarşı birlikdə çıxış etməlidirlər.

Si Cinpin deyib ki, Vaşinqtonun yalnız öz maraqlarını üstün tutan yanaşmasına qarşı dayanmaq beynəlxalq hüququ və qlobal sabitliyi qorumaq üçün vacibdir:

“Ticarət müharibələrində qalib olmaz. Çin və Aİ öz beynəlxalq öhdəliklərini yerinə yetirməli, iqtisadi qloballaşmanı dəstəkləməli və dünya ticarət mühitini birlikdə qorumalıdır. Bütün dünyaya qarşı çıxmaq – bu, özünü təcrid etmək deməkdir.”

Çin lideri əlavə edib ki, Pekin heç vaxt başqa ölkələrin mərhəmətinə bel bağlamayıb və əsassız təzyiqlərdən qorxmayıb. Onun sözlərinə görə, ölkə xarici çağırışlara baxmayaraq, daxili sabitlik və inkişaf prioritetlərini qoruyub saxlayacaq.