Paytaxtda şəhid ailəsinə qarşı dələduzluq edilib.
Məlumatda qeyd olunur ki şəhid Rövşən Rüstəmovun anası Reyhan Rüstəmovanın sözlərinə görə, tək böyütdüyü iki oğlundan biri şəhid olduğundan, ailənin yükü digər oğlu Rüstəmin üzərinə düşüb. Bir neçə il əvvəl iş axtaran Rüstəmi aldadaraq onun adına bir neçə şirkət açıblar.
Şəhid anası bildirib ki, problemlə əlaqədar aidiyyəti orqanlara müraciət edib. Lakin dələduzluq edən şəxsin axtarışları davam etdiyi müddətdə oğlunu məhkəməyə dəvət ediblər.
R.Rüstəmova problemin həlli üçün Baş Prokurorluğa müraciət edib. Hazırda araşdırma aparılır.
***
Bizİmxeber.az bildirir ki, uzun illərdir ölkə mətbuatında eyni motivli cinayət əməlindən əziyyət çəkən insanların şahidi oluruq. Redaksiya olaraq dəfələrlə bu mövzu ətrafında geniş müzakirələr açmışıq və araşdırmalar aparmışıq. Bəlli olub ki, belə şirkətlər insanların etibarından və savadsızlığından istifadə edilərək, hansısa işbaz məmurların dəstəyi ilə yaradılıb.
Məsələn, bir neçə müddət əvvəl onlarla insanın narazılığının şahidi olduq. Onlar bildirirdilər ki, bu şirkətlər gömrük əməliyyatlarında istifadə olunmaq üçün yaradılıb və nəticədə vergiləri ödənməyib. İşin maraqlı tərəfi budur ki, vergi orqanları bu tip şirkətlərin vergi borcları ilə bağlı məlumatı əvvəlcədən vermirlər. Belə ki, 3-5 il əvvəl yaradılan və vergisi ödənməyən şirkətlərin vergi borcları bir gün qəflətən açıqlanır və vətəndaşın 300-500 min manat borcu yaranır. Problemlərin son aqibəti ilə bağlı isə heç bir məlumat verilmir.
Hər dəfə belə problemli məsələlər gündəmə gəlir, amma nəticə barədə heç bir açıqlama edilmir. Kimdir bu şirkətləri yaradanlar? Həmin şəxslər indi vəzifədədirlərmi, yoxsa onlar insanları böyük bir bəlanın içərisinə salaraq qeybəmi çəkiliblər? Bu faktlar necə araşdırılır və külli miqdarda borcun son aqibəti necə olur? Belə şirkətlər əsasən gömrük əməliyyatları həyata keçirilməsi üçün yaradılır və bir əməliyyat üçün istifadə olunur. Adətən, işsiz və savadsız şəxslər 500-1000 manata şirnikləşdirilir, adına şirkət açılır və bu şirkətin adına milyonluq mal dövriyyəsi həyata keçirilir. Vergi ödənilmir və bir neçə ay sonra borc problemi ortaya çıxır. Borc zamanla şişir, bu müddət ərzində həmin şəxslər ortadan yox olur, borc isə kasıb və savadsız vətəndaşın adına qalır. Bununla da məsələ bitmiş olur.
Bu məsələ aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülməli və belə şirkətlərin fəaliyyəti diqqətlə yoxlanılmalı, şirkət sahiblərinin kimliyi araşdırılmalıdır.
Bizimxeber.az