Şara Parisə gedir - Suriya lideri ilk Avropa səfərində Makronla görüşəcək

Suriya prezidenti Əhməd əl-Şaraa dekabr ayında Bəşər Əsədin devrilməsindən sonra ilk Avropa səfəri çərçivəsində Fransanın paytaxtı Parisə səfər edir. Yeni lider Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. 

BMT, Şaraanın keçmişdə Əl-Qaidənin Suriya qolu olan Heyət Təhrir əş-Şam (HTŞ) ilə əlaqələri səbəbilə sanksiya siyahısında qalmasına baxmayaraq, ona Parisə səfər etmək üçün xüsusi icazə verib. 

Fransa rəsmilərinin məlumatına görə, tərəflər Suriyanın suverenliyi və təhlükəsizliyinin təminatı, azlıqların — xüsusilə ələvilər və druzların — müdafiəsi, İŞİD-ə qarşı terrorla mübarizə, humanitar yardım və iqtisadi dəstəyin koordinasiyası, eləcə də mövcud sanksiyaların mümkün yumşaldılması məsələlərini müzakirə edəcəklər.

Fransa prezidentliyinin rəsmisi bildirib: “Aydındır ki, Suriyanın üzləşdiyi böyük çətinlikləri nəzərə alaraq, Fransadan və digər beynəlxalq tərəfdaşlardan dəstək gözləntiləri var. Amma biz Şaraanın keçmiş ekstremist əlaqələrinə qarşı sadəlövh deyilik.”

Parisdə ehtiyatlı yanaşma müşahidə olunur. Fransa ötən ay Dəməşqdəki diplomatik heyətini gücləndirərək, müvəqqəti işlər vəkili təyin edib. Bununla belə, Makron hökuməti keçid dövrünün şərtlərinə ciddi yanaşdığını və istənilən əməkdaşlığın bu kontekstdə həyata keçiriləcəyini vurğulayır.

Fransa son aylarda Şaraa və kürd qüvvələri arasında vasitəçi rolunu oynayıb, çünki ABŞ regiondakı hərbi iştirakını azaldır. Bu, Dəməşq hökumətinin ölkənin şimal bölgələrinə nəzarəti bərpa etməyə çalışdığı dövrə təsadüf edir.

Fransa rəsmiləri bildiriblər ki, Paris və Vaşinqton hazırda ABŞ-ın geri çəkilməsinin koordinasiyası və Fransanın bölgədə daha böyük rol oynaması ilə bağlı danışıqlar aparır. Suriya iqtisadiyyatı 14 illik müharibədən sonra tamamilə iflic vəziyyətdədir. Dünya Bankı yenidənqurma xərclərini 250 milyard dollardan çox qiymətləndirir. Bu səbəbdən Şaraa iqtisadiyyatı dirçəltmək üçün sanksiyaların yüngülləşdirilməsini prioritet hesab edir.

Aİ bəzi sanksiyaları ləğv etsə də, bir çoxları hələ də qüvvədədir və onların müddəti iyunun 1-də başa çatacaq. Suriya ümid edir ki, Aİ həmin tədbirləri yeniləməyəcək. Bunun üçün 27 üzv ölkənin konsensusu tələb olunur. Fransa prezidentliyindən bildirilib:"Əsas məsələlərdən biri ABŞ-ın sanksiyalarıdır ki, bu da keçid hakimiyyətinin yenidənqurma çərçivəsində beynəlxalq sərmayəni cəlb etmə imkanlarına birbaşa təsir göstərir".