Rusiyanın bu şəhəri işıqsız qala bilər – Stansiyada fəaliyyət dayanıb

Telegramdakı “Mash” kanalının məlumatına görə, Xantı-Mansi Muxtar Dairəsində yerləşən Nyaqan şəhəri tamamilə işıqsız qala bilər. Bildirilir ki, yerli enerji stansiyası fəaliyyətini dayandırıb.

Stansiyada enerji blokları söndürülüb və işçilər üçün yüksək riskli rejim elan olunub. Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, oxşar vəziyyət 2018-ci ildə də şəhərdə yaşanmışdı. Həmin vaxt 20 mindən çox insan elektrik enerjisiz qalmışdı. Sonradan məlum olmuşdu ki, problem yüksək gərginlikli elektrik xəttinin dayağında qanunsuz fəaliyyət göstərən bir şəxs tərəfindən yaradılıb.

Enerji təchizatında bu cür fasilələr Rusiyanın digər bölgələrində də müşahidə olunub. Aprel ayının sonunda Krımda 12,3 min sakin işıqsız qalmışdı. "Krımın energetika naziri" Vladimir Voronkinin sözlərinə görə, “Krımenerqo” şəbəkələrində qəza baş verib və ərazidə bərpa işləri aparılır.

Bundan əvvəl Çuvaşiyada da oxşar hal yaşanıb. Güclü hava şəraiti nəticəsində 10 minə yaxın insan və altı bələdiyyə rayonunda yerləşən 9 sosial obyekt elektrik enerjisindən məhrum olub. Hazırda hadisə yerlərində təcili yardım və bərpa qrupları fəaliyyət göstərir.