/BX LiveBLOG/
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda dövlət katibi Marko Rubio ilə görüşü keçirilib.
Görüş zamanı əsas diqqət Türkiyədə son günlər baş verən hadisələrə yönəlib.
"Bizimxeber" yazır ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce-un verdiyi açıqlamaya görə, Marko Rubio Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və genişmiqyaslı etirazlarla bağlı “narahatlıqlarını” ifadə edib. Vaşinqtonun bu məsələyə xüsusi diqqət yetirdiyi və insan haqları ilə bağlı məsələlərin ikitərəfli münasibətlərin vacib hissəsi olduğu vurğulanıb.
Bununla yanaşı, görüşdə ABŞ-Türkiyə iqtisadi əlaqələrinin inkişafı da müzakirə olunub. Marko Rubio ikitərəfli ticarətdə əldə edilən irəliləyişi yüksək qiymətləndirib və gələcəkdə daha güclü iqtisadi tərəfdaşlıq üçün addımların atılmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, Türkiyə Xarici İşlər Nazirliyində bir mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, Ankara və Vaşinqton müdafiə sənayesi sahəsində əməkdaşlığın qarşısındakı maneələri aradan qaldırmaq istəyir. Bu məsələ xüsusilə son illərdə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar və müdafiə texnologiyaları sahəsindəki məhdudiyyətlər fonunda diqqət çəkir. /Bizimxeber - Live BLOG/