Rusiya və Ukrayna daha 205 hərbi əsiri dəyişdi

Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində hər iki tərəf 205 hərbi əsiri azad edərək dəyişdirib. Bu barədə hər iki ölkənin rəsmi nümayəndələri məlumat yayıb. 

Ukrayna Prezidenti Volodimir Zelenski Telegram platformasında etdiyi paylaşımda bildirib: "Bu gün Ukrayna 205 döyüşçüsünü geri qaytardı. BƏƏ-yə bu humanitar təşəbbüsə verdiyi dəstəyə görə minnətdaram".

Azad edilənlər arasında 202 nəfər hərbi qulluqçu və 3 zabit yer alıb. Onlar Ukrayna ordusunun və Milli Qvardiyanın müxtəlif bölmələrindən olan şəxslərdir.

Rusiya tərəfdən isə İnsan Haqları üzrə Müvəkkil Tatyana Moskalkova Rusiya Müdafiə Nazirliyinə və digər iştirak edən qurumlara təşəkkür edərək qeyd edib:

"Bu gün bir çox ailə üçün birləşmə bayramına çevrildi. Narahatlıq və qeyri-müəyyənlik yerini sevinclə qarşılanan qayıdışa verdi." Bu mübadilə 2022-ci ilin fevralında başlayan müharibə dövründə 64-cü dəfə, 2024-cü il ərzində isə 5-ci dəfə həyata keçirilir.