Rosoboroneksport şirkəti Rusiyanın beşinci nəsil çoxfunksiyalı döyüş təyyarəsi olan Su-57E modelini ilk dəfə olaraq xarici sərgidə nümayiş etdirəcək.
TASS agentliyi bildirir ki, Su-57E Malayziyada keçiriləcək “LIMA 2025” (Langkawi International Maritime and Aerospace Exhibition) dəniz və aerokosmik texnologiya sərgisində təqdim olunacaq.
Mətbuat xidmətinin məlumatına görə, Su-57E-nin əsas üstünlüyü müasir döyüş şəraitində – elektron müharibə sistemləri, hava hücumundan müdafiə və hücum texnologiyalarına qarşı effektiv istifadəsindədir. Təyyarənin bu üstünlükləri onu beynəlxalq bazarda xüsusi maraq obyekti edir.
“Rosoboroneksport” həmçinin Malayziya Kral Hərbi Hava Qüvvələrinin və regionun digər ölkələrinin nümayəndələrinə Su-57E-ni təqdim etməyi planlaşdırır. Sərgi çərçivəsində "Rus Cəngavərləri" (Русские Витязи) aerobatika qrupu tərəfindən Su-30SM və Su-35S qırıcılarının nümayiş uçuşları da keçiriləcək. Bundan əlavə, İl-76MD-90A(E) hərbi-nəqliyyat təyyarəsi də təqdim olunacaq. Bu təyyarə 60 tona qədər yük daşımaq və 4 min kilometr məsafə qət etmək qabiliyyətinə malikdir.
Xatırladaq ki, fransalı aviasiya eksperti Siril de Lattre daha əvvəl verdiyi açıqlamada Amerika F-16 qırıcısının Ukrayna səmasında Rusiyanın Su-57 təyyarəsi ilə hava döyüşündə uduzacağını bildirmişdi. Onun sözlərinə görə, Qərb F-16 kimi təyyarələrlə bağlı çoxlu təbliğat aparsa da, Su-57 həm supermanevr xüsusiyyətləri, həm də real döyüş şəraitində sınaqdan çıxmış imkanları ilə onlardan üstündür.