ABŞ administrasiyası Ukrayna ilə bağlı diplomatik təşəbbüslərdən get-gedə uzaqlaşdığı bir vaxtda, Rusiya vəziyyətdən istifadə edərək mövqelərini möhkəmləndirməyə çalışır.
"Bizimxeber" The New York Times nəşrinin məqaləsinə istinadən bildirir ki, ABŞ Ukrayna müharibəsində getdikcə daha çox hərbi dəstəyə fokuslanır, lakin diplomatik masa arxasında iştirakının zəiflədiyini göztərir.
Nəşrə görə, son aylarda ABŞ administrasiyası əsas diqqətini Ukraynaya silah yardımı və müdafiə sahəsində dəstəyə yönəldib. Diplomatik səylər isə ya arxa plana keçib, ya da tamamilə dayandırılıb. Bu, Rusiya üçün strateji üstünlük yaradır. “Vaşinqton diplomatik prosesdən uzaqlaşdıqca, Moskva bunu həm daxildə, həm də beynəlxalq arenada siyasi fürsətə çevirir,” – NYT qeyd edir.
Məqalədə bildirilir ki, Kreml hazırda beynəlxalq sülh təşəbbüslərini manipulyasiya etməyə, “Qərb danışıqlara hazır deyil” narrativini yaymağa çalışır. Bu, Rusiya rəhbərliyinə həm daxili auditoriyanı sakitləşdirmək, həm də neytral ölkələri öz tərəfinə çəkmək üçün imkan verir.
Bu fonda Ukrayna həm hərbi, həm də diplomatik cəbhədə təzyiqlərlə üzləşir. ABŞ-ın diplomatik səylərdən uzaqlaşması Kiyevin mövqeyini zəiflədə və danışıqlar zamanı əlini zəiflədə bilər.
“Diplomatiya olmadan uzunmüddətli sülh mümkün deyil,” – məqalədə vurğulanır. Mənbə: /NYT /