Rusiya Finlandiya ilə sərhəddə hərbi gücünü artırır - Peyk görüntüləri yayıldı

Rusiya Finlandiya ilə 1340 kilometrlik sərhədi boyunca hərbi infrastrukturu genişləndirir.

"Bizimxeber" bildirir ki, The New York Times qəzetinin peyk görüntülərinə əsaslanan araşdırmasına görə, bölgədə yeni hərbi bazalar tikilir, texnika anbarları və qırıcı təyyarələr üçün sığınacaqlar inşa olunur. Bu proses Ukrayna ilə müharibədən sonrakı Kremlin yeni hərbi strategiyasının əlaməti kimi qiymətləndirilir.

NATO-ya təqdim olunan görüntülərdə Rusiyanın Finlandiya sərhədlərinə yaxın ərazilərdə hərbi fəallığı artdığı görünür. Lakin Alyans qeyd edir ki, bu, 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumdan əvvəlki kimi kütləvi qoşun toplanması deyil. Hazırda Rusiya bu istiqamətdə məhdud sayda qüvvə saxlayır.

Finlandiya isə bu artımı hələlik ciddi təhlükə hesab etmir. Lakin hərbi rəhbərlik ehtiyatlıdır: “Biz daha yüksək səviyyəli hərbi mövcudluqdan danışacağıq”, – deyə Finlandiya hərbi kəşfiyyatının direktoru, briqada generalı Pekka Turunen bildirib.

Finlandiya hesab edir ki, Rusiyanın qoşunlarının təhdid səviyyəsinə çatması üçün təxminən beş ilə ehtiyacı olacaq. Bu müddətdən sonra sərhədyanı qüvvələrin sayı üç dəfə artaraq briqada səviyyəsindən diviziya səviyyəsinə yüksələcək. Bu da minlərlə əsgər deməkdir.

Məqalədə Rusiyanın Arktikaya strateji maraqlarına da diqqət çəkilir. Murmansk yaxınlığında yerləşən və uzun müddət istifadə olunmayan helikopter bazasında fəallıq müşahidə olunur. Olenya aviabazasında isə son zamanlar onlarca təyyarə qeydə alınıb. Bu bazalar Finlandiya sərhədindən cəmi 65-160 km aralıdadır.

Fin kəşfiyyatına əsasən, Rusiya pilotsuz təyyarə hücumlarından qorunmaq üçün bəzi hava qüvvələrini şimala çəkərək onları NATO sərhədlərinə daha da yaxınlaşdırıb.

Bu təhlükələr fonunda ABŞ və Finlandiya qüvvələri Arktikada birgə hərbi təlimlər keçirib. Yüzlərlə hərbçi şimal meşələrində manevrlər edib, fin əsgərləri isə xizəklərlə hərəkət ediblər. Təlimin hipotetik düşməni isə, açıq şəkildə bildirilməsə də, Rusiya olub.

“Rusiya ordusu müharibədən sonra əvvəlkindən daha böyük olacaq. Hərbi rayonların yenidən təşkili NATO ilə sərhəddə yerləşən ərazilərə prioritet verildiyini göstərir”, – deyə Karnegi Fondunun eksperti Maykl Kofman qeyd edib.

Bütün bu faktorlar fonunda analitiklər bildirirlər ki, Arktikada və Skandinaviya regionunda gərginlik ocağı formalaşa bilər.

Finlandiyanın Müdafiə Nazirliyi isə situasiyaya sakit, lakin ayıq yanaşır: “Regionumuzda hərbi fəallığın artması Ukrayna müharibəsi başa çatdıqdan sonra baş verəcək. Biz bu dəyişikliklərə hazır olmalıyıq”, – deyə Müdafiə Siyasəti üzrə direktor Janne Kuusela vurğulayıb.