Rusiya bir neçə hava limanını bağladı - PUA hücumu

Rusiya Federasiyasının bir neçə bölgəsində pilotsuz uçuş aparatlarının (PUA) hücumları müşahidə edilib. Tula və Ryazan vilayətlərində partlayış səsləri eşidilib, Kaluqa, Yaroslavl və Kostroma hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Kaluqa və digər hava limanlarında fövqəladə hallar zamanı tətbiq edilən “Xalça” (Ковёр) planı aktivləşdirilib.

Rusiya mətbuatının məlumatına görə, mayın 21-nə keçən gecə Tula vilayətinin Aleksin şəhərində yerli vaxtla saat 23:20 radələrində altı güclü partlayış səsi eşidilib. Partlayışlardan dərhal sonra şəhərdə mobil rabitə və internet xidmətlərində kütləvi fasilələr yaranıb.

Ryazan vilayətində də azı dörd partlayışın qeydə alındığı bildirilib. Partlayışlardan təxminən iki saat əvvəl isə hər iki bölgədə dron təhlükəsi elan olunmuşdu.

Eyni zamanda, Tula vilayətinin qərbində yerləşən Kaluqa hava limanında təyyarələrin qalxıb-enməsinə məhdudiyyətlər qoyulub. Qurum rəsmiləri bu tədbirlərin Federal Hava Nəqliyyatı Agentliyi ilə koordinasiyalı şəkildə həyata keçirildiyini bildiriblər.

Hadisələr bununla da məhdudlaşmayıb. Gecə saat 4:00-dan sonra Yaroslavl (Tunoşna) və Kostroma (Sokerkino) hava limanlarının fəaliyyətinə də müvəqqəti məhdudiyyətlər tətbiq olunub və orada da “Xalça” planı işə salınıb.

Hazırda Rusiya rəsmiləri insidentlə bağlı araşdırma aparır və dron hücumlarının miqyası, hədəfləri və mümkün zərər barədə rəsmi açıqlama verilməyib.