Ukraynanın həyata keçirdiyi genişmiqyaslı xüsusi “Veb” əməliyyatı nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinin nüvə silahı daşıya bilən strateji bombardmançı təyyarələri hədəf alınıb. Hədəf seçilən aerodromlar Rusiya ərazisinin dərinliklərində yerləşsə də, Ukrayna istehsalı olan FPV dronları bu bazalara uğurla çataraq ciddi ziyan vurub.
Hərbi ekspertlər hesab edir ki, bu hücumların Kremlin nüvə strategiyasına ciddi təsir göstərə bilər. SBU-nun həyata keçirdiyi əməliyyat nəticəsində Tu-22, Tu-95 və Tu-160 tipli 40-dan çox strateji bombardmançı zədələnib. Bu təyyarələr Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi uzaqmənzilli raket hücumlarında mühüm rol oynayırdı.
Ukrayna Rusiya strateji bombardmançı donanmasının təxminən üçdə birini sıradan çıxara bilib və bu, Moskvanın Ukraynaya qarşı hava zərbələri imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.
Bu hücumu hərbi tarixdə önəmli yer tutan digər sürpriz hava hücumları ilə müqayisə edilir - 1940-cı ildə İngiltərənin Taranto limanına hücumu, 1941-ci ildə Yaponiyanın Pearl Harbora hücumu, 1944-cü ildə Almaniyanın Poltava əməliyyatı...
Welt nəşrinin araşdırmasına əsasən, Rusiyanın bu bazalarında müdafiə demək olar ki, yox idi. Təyyarələrin qorunması üçün adi avtomobil təkərlərindən istifadə olunması videolarda görünür və bu, uğursuzluqla nəticələnib. Dronlar isə GSM şəbəkələri, AI əsaslı yönləndirmə və obyekt tanıma sistemləri ilə təchiz olunmuşdu və 4000 km-dən çox məsafə qət edə bilmişdi.
Hücum İrkutsk, Murmansk, Ryazan, İvanovo və Amur vilayətlərindəki hərbi aerodromlara yönəlib.
Moskva bu hücuma cavab olaraq Su-30, Su-34, Su-35 və MiQ-31 təyyarələri ilə yeni hava hücumları dalğasına başlaya bilər. Sumi və Xarkov kimi sərhəd şəhərlərinə qarşı idarə olunmayan aviabombalar və raketlər istifadə edilə bilər. Mənbə /Welt/