Nüfuzlu The Economist jurnalı Rusiyanın hazırda ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün istehsal etdiyi raketlərdən daha çox ballistik raket istehsal etməyə qadir olduğunu yazıb.
"Bizimxeber" bildirir ki, məqalədə qeyd edilir ki, Amerikanın "Lockheed Martin" şirkəti tərəfindən istehsal olunan PAC-3 raketləri Rusiya zavodlarının məhsuldarlığı ilə ayaqlaşa bilmir. Rusiya şirkətləri ildə təxminən 750 ballistik raket istehsal etməyi planlaşdırır, halbuki ABŞ təqribən 650 PAC-3 raketi ilə kifayətlənir.
Ukrayna hökumətindəki mənbələrin bildirdiyinə görə, Rusiya hazırda 500-ə yaxın ballistik raket ehtiyatına malikdir. Ukrayna isə bu raketlərin hər birini zərərsizləşdirmək üçün iki ədəd PAC-3 raketindən istifadə etməlidir. Bu isə Ukraynanın müdafiə resursları üçün ciddi çətinliklər yaradır.
Jurnal əlavə edir ki, Almaniyada PAC-3 raketlərinin istehsalına başlamaq planlaşdırılır. Lakin bu layihənin reallaşması 2026-cı ilin sonlarını gözləyir. O vaxta qədər isə Rusiya öz arsenalını artırmaqda davam edəcək. Bu balanssızlıq Qərb ölkələrinin Ukraynaya hərbi dəstək imkanlarını və Rusiyanın raket hücumlarına qarşı müdafiənin effektivliyini sual altına alır.