Rusiya 4 Azərbaycan vətəndaşını ekstradisiya edib

Beynəlxalq axtarışda olan 4 vətəndaş Rusiyadan Azərbaycana ekstradisiya edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir. 

Məlumatda qeyd olunur ki, Rusiya Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun vətəndaşlar Anar Yolçuyev, Reyhan Məlikli, Zamiq Aslanov və Elşən Zaxarovanın ekstradisiyası ilə bağlı vəsatətlərini təmin edib.

Adıçəkilən şəxslər Azərbaycan ərazisində müxtəlif cinayətlər törətməkdə şübhəli bilinirlər. Bununla əlaqədar onların təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarlar qəbul edilib. İstintaqdan yayınaraq gizlənməyə cəhd etdikdən sonra onlar beynəlxalq axtarışa verilib.

Şübhəlilər Rusiyada saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Azərbaycana gətirilib.