Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunda millətçi və sağçı mövqeyi ilə tanınan Gheorghe Simeon 40,5% səs toplayaraq lider mövqeyə yüksəlib. 38 yaşlı Simeon Rumıniya Birliyi Alyansının (AUR) lideridir və mübahisəli çıxışları, xüsusilə də Ukrayna, Moldova və Avropa İttifaqına münasibəti ilə tanınır.
İkinci tura Simeonla birlikdə çıxacaq namizəd Nikuşor Dan olacaq. Buxarestin hazırkı meri olan və mərkəzçi mövqeyi ilə tanınan Dan seçicilərin təxminən 21%-nin səsini toplaya bilib. Hakim koalisiyanın namizədi Krin Antonesku isə birinci turda üçüncü yeri tutub.
Seçkilərin bu raundu, 2024-cü ilin noyabrında keçirilən, lakin Rusiyanın müdaxiləsi ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş əvvəlki seçkilərin davamı kimi qiymətləndirilir. Həmin seçkilərdə rusiyayönlü ifrat sağçı namizəd Kalin Georgescu gözlənilmədən yüksək nəticə əldə etmişdi. Rəsmilər Georgescunun kampaniyasına on minlərlə saxta TikTok hesabı və kiberhücumlar vasitəsilə müdaxilə edildiyini bildirmişdi.
Mayın 18-nə təyin edilmiş ikinci tur öncəsi Simeonun namizədliyi yerli və beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur. O, Ukraynaya silah göndərilməsinin əleyhdarıdır, Moldova ilə birləşməni dəstəkləyir və bu səbəbdən Moldovaya girişinə qadağa qoyulub, Ukraynada isə persona non-qrata elan edilib.
Bundan əlavə, onun partiyasının seçki kampaniyasının maliyyələşməsi ilə bağlı Rumıniya seçki orqanları tərəfindən araşdırma başladılıb. Simeonun ABŞ-da lobbi fəaliyyətləri üçün 1,5 milyon dollar dövlət vəsaiti hesabına ödəniş etdiyi iddia olunur. Simeon bu iddiaları rədd edir.