Fransa və Ukrayna “Mirage” qırıcılarının tədarükünü artırır

/BX LiveBLOG/

Ukrayna prezidenti Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron Parisdə keçirdikləri birgə brifinqdə Ukraynaya “Mirage” qırıcılarının tədarükünün artırılması məsələsini müzakirə ediblər. 

"Bizimxeber" bildirir ki, Zelenski Fransa hökumətinə Ukraynanın hava hücumlarından müdafiəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib. O, “Mirage” döyüş təyyarələrinin artıq Ukraynanın hava qalxanının bir hissəsinə çevrildiyini və bu qırıcıların xüsusilə İran istehsalı olan “Şahed” dronlarına və digər hava hücumlarına qarşı mübarizədə mühüm rol oynadığını bildirib.

Makron isə Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi təqdim edəcəklərini açıqlayıb. Bu paketin tərkibinə “Mirage” qırıcıları üçün nəzərdə tutulan raketlər də daxildir.

Xatırladaq ki, Fransa fevralın 6-da Ukraynaya ilk “Mirage 2000” qırıcılarını təhvil verib. Bundan bir gün sonra, fevralın 7-də isə Fransa ordusu ukraynalı pilotların “Mirage 2000-5” təyyarəsində təlim keçdiyini əks etdirən görüntüləri yayımlayıb.