Rəqəmsal transformasiya, yoxsa kosmetik dəyişiklik? - Görünməyən 1%...

Son günlər Dövlət Gömrük Komitəsinin (DGK) rəqəmsal xidmətlər sahəsində əldə etdiyi irəliləyişlər barədə maraqlı məlumatlar verilir. Rəsmi məlumatlara görə, ötən il 33 milyondan çox xidmətin 99%-i elektron qaydada həyata keçirilib. Bu rəsmi rəqəmlərə inansanq, əlbəttə, rəqəmsal dönüşümün müsbət tərəfi hesab oluna bilər.

Əsəg həqiqətən də, belədirsə..

Lakin gələn məlumatlar, hətta özlərinin dediyi kimi, əməliyyatların 100 faiz elektron qaydada aparılmaması DGK-nın fəaliyyətindəki rəqəmsal transformasiya hələ də tam tamamlanmadığının göstəricisidir. Hətta 1%-lik xidmətin hələ də ənənəvi, sənəd üzərində həyata keçirilməsi, bir çox sualları gündəmə gətirir. 

Bu 1%-lik xidmətin qalması nə ilə əlaqəlidir? Niyə artıq rəqəmsallaşdırılmış bir sistemdə belə, üz-üzə xidmətlər hələ də mövcuddur? Və bu durum, Azərbaycanda gömrük sektorunda korrupsiya və qeyri-qanuni fəaliyyətlərə yol açma riskini artırırmı?

Bir daha təkrar edək ki, Dövlət Gömrük Komitəsi son illərdə rəqəmsal sistemlərin tətbiqinin həyata keçirilməsi və hətta 99%-lik rəqəmsal xidmət sayı, əlbəttə, inkişafın göstəricisi sayıla bilər. Amma unitmayaq ki, texnoloji transformasiya, sadəcə rəqəmsal sistemlərin yaradılmasından ibarət deyil. Bu, həm də mövcud strukturların tamamilə dəyişdirilməsi, yeni texnologiyaların inteqrasiyası və əhalinin, iş adamlarının bu texnologiyalardan istifadəyə hazırlıq səviyyəsinin artırılmasını tələb edir. Rəqəmsallaşmanın gecikməsi və ya bəzi sahələrdə hələ də ənənəvi xidmətlərin saxlanılması, bu keçidin təkcə texnoloji deyil, həm də idarəetmə və sosial strukturların təkamülünü də ehtiva edən uzun bir proses olduğunu göstərir.

Elə isə, niyə hələ də 1%-lik sənəd üzərində xidmətlər mövcuddur?

Bilirik ki, rəqəmsal transformasiya, dövlət orqanlarının və müxtəlif sistemlərin tam inteqrasiyasını tələb edir. Lakin bəzi hallarda, texnoloji və resurs çatışmazlıqları, bu prosesin sürətini azaldır. Yalnız 99%-lik rəqəmsallaşma, demək olar ki, tam sistemin və bütün əlaqədar xidmətlərin inteqrasiya edilmədiyi anlamına gəlir. Hələ də bəzi xidmətlər, məsələn, müvafiq sənədlərin yoxlanması və təqdim edilməsi, fiziki olaraq həyata keçirilir.

Qurum iddia edə bilər ki, guya bəzi hallarda, müəyyən gömrük əməliyyatları xüsusi təhlükəsizlik tədbirləri və hüquqi sənədlərin təqdim edilməsini tələb edir. Bu, bəzi xidmətlərin hələ də ənənəvi yollarla həyata keçirilməsinə səbəb olan amildir.  Amma, bu yanaşma artıq çağdaş dövrün tələbləri ilə uyğunlaşmır və rəqəmsal sistemlər vasitəsilə daha təhlükəsiz və effektiv şəkildə yerinə yetirilə bilərdi. Ən müasir avadanlıqlar, yoxlama cihazları və daha müasir sistemlər vasitəsilə bu prossesi asanlaşdırmaq mümkündür.

Belə çıxır ki, hələ də bəzi əməliyyatlar, xüsusən beynəlxalq ticarətə aid olan əməliyyatlar, fiziki olaraq məmurlar və sahibkarlar arasında qarşılıqlı əlaqəni tələb edir. Bu cür qarşılıqlı əlaqələr, bürokratik sistemin və daha geniş idarəetmə strukturlarının köhnə sistemlərə bağlı qalmasının nəticəsi ola bilər. Üz-üzə xidmətlər öz növbəsində qeyri-rəsmi işlərə və korrupsiyaya zəmin yaradan amillər sayılır.

Rəqəmsallaşmanın məqsədlərindən biri, məmurlar ilə sahibkarlar arasında şəffaflığı artırmaq, korrupsiya halları ilə mübarizə aparmaqdır. Lakin, müaəyyən faizlik ənənəvi xidmətlərin qalması, bu məqsədin tam olaraq gerçəkləşmədiyini göstərir. Sənəd üzərindəki xidmətlər, xüsusilə məmurlarla birbaşa qarşılıqlı əlaqəni tələb edən xidmətlər, qeyri-rəsmi və şübhəli əməliyyatlara yol açır, məmurlar və sahibkarlar arasında fiziki əlaqələr, rüşvət və digər qeyri-qanuni fəaliyyətlər üçün bir vasitə sayılır.

Bu, xüsusilə idarəetmə səviyyəsindəki zəifliklərdən yararlanan qeyri-qanuni fəaliyyətlərə təkan verir. Bu cür hallarda, məlumatların və əməliyyatların şəffaflığı itir və sistemin etibarlılığı azalır. Gömrük sektoru, xüsusilə vergi və ticarət əməliyyatlarında ənənəvi xidmətlər vasitəsilə qeyri-rəsmi yollarla manipulyasiya oluna bilər.

Qeyd edək ki, rəqəmsal sistemlərin tətbiqində ən böyük əngəl texnoloji və infrastruktur çatışmazlıqlarıdır. Bu sistemlərin tam inteqrasiyası və effektivliyi üçün yeni texnologiyaların tətbiqinə və daha geniş miqyasda modernləşdirilmiş infrastruktura ehtiyac var. Bu, yalnız sistemin gücünü artırmaqla qalmır, həm də səhvlərin və nasazlıqların qarşısını alacaq. Amma təəssüflər olsun ki, gömrük sistemində bu sistemlərə tam keçid təmin edilməyib.

Sənəd üzərində xidmətlərin qalması, məmurlar və sahibkarlar arasında qeyri-rəsmi əlaqələrin davam etməsinə səbəb olur. Bu da korrupsiya riskini artırır.

Bu arada qeyd edim ki, ötən gün DGK sədrinin yeni müavini Güloğlan Muradlı "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda bildirib ki, 2025–2030-cu illəri əhatə edən "Gömrük İnkişaf Strategiyası" artıq qəbul olunub. Onun sözlərinə görə, bu sənəddə “ambisiyalı hədəflər”, o cümlədən rəqəmsallaşma, süni intellektin tətbiqi, bizneslə əməkdaşlıq və yeni texnologiyaların inteqrasiyası kimi istiqamətlər ön plana çəkilib.

Bəli, bu cür bəyanatlar yeni səslənmir. DGK rəhbərliyi illərdir oxşar fikirləri ictimaiyyətə təqdim edir. “Yeni texnologiyalar”, “tam rəqəmsallaşma”, “süni intellekt” ifadələri artıq şablon halını alıb. Amma real mənzərəyə baxanda, bu bəyanatların ardında dayanıqlı nəticələrin olmadığı aydın görünür.

Uzun illərdir bu sistemlərin yaradılması üçün külli miqdarda dövlət vəsaiti xərclənir. Bunun müqabilində isə hələ də ən azı 1% əməliyyatın fiziki sənədlərlə icra edilməsi, ciddi suallar doğurur. Bu 1%-lik “gizli zona” niyə aradan qaldırılmır? Sənəd üzərindəki xidmətlər niyə rəqəmsal sistemə inteqrasiya olunmur? Bu şərait korrupsiya və qeyri-rəsmi fəaliyyətlər üçün münbit zəmin yaratmırmı?

Hesab edirəm yaradır... Çünki, gələn məlumatlarda qeyd olunur ki, Gömrük Komitəsi hələ də qanunsuz fəaliyyət göstərən şirkətlərə "dur" deyə bilmir. Hər gün sayı artan belə şirkətlər dövlət büzdəcinə ziyan vrurur, vergidən yayıınır, hansısa məmura milyonlar qazandırır və nəhayət qanuni sahibkarlara böyük ziyan vurmaqla yanaşı, onların ölkəmizdə daha sürətli və çevik fəaliyyətini əngəlləyir. Belə qanunsuz fəaliyyətə qarşı durmalı olan İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və onun rəisi Azər Məmmədov da illərdi susur. Ümumiyyətlə, onun fəaliyyəti gözə görünmür. Elə bəlkə məlum "1%-lik xidmət" elə belə qanunsuz fəaliyyət göstərən şirkətlər üçündür? Haqlı sual deyil?

Gömrük və media: maarifləndirmə, yoxsa maraqların uyğunlaşdırılması?

Daha bir incə məqam da gözdən qaçmamalıdır. Bir neçə gün öncə Dövlət Gömrük Komitəsi və MEDİA “Rəqəmsal gömrük və media” mövzusunda seminar təşkil edib. Tədbirdə çıxış edən rəsmi şəxslər gömrük-media münasibətlərinin “işgüzar müstəvidə” formalaşmasının vacibliyini vurğulayıblar. Lakin burada ciddi sual yaranır: Dövlət qurumu ilə medianın "işgüzar münasibəti" nə deməkdir?

Media dövlət qurumunun tərəfdaşı deyil, ictimaiyyətin maraqlarını qoruyan nəzarət və tənqid mexanizmidir. Təki bu cür seminarların, sertifikat təqdimatlarının və “əməkdaşlıq çağırışlarının” arxasında jurnalistikanın müstəqilliyinə qarşı nəsə dayanmasın

Gömrük sahəsi illərlə ictimai tənqid hədəfi olub, şəffaflıq, korrupsiya və bürokratik əngəllərlə bağlı çoxsaylı narazılıqlar zaman-zaman səslənir. Belə bir strukturun media ilə "münasibət qurması" əslində medianın tənqidi funksiyasını neytrallaşdırmaq cəhdi kimi də yozula bilər.

Nəticə etibarilə, belə tədbirlər maarifləndirmə adı altında mətbuatın neytrallaşdırılması riskini daşıyar və müstəqil jurnalistikanın prinsiplərini sual altına ala bilər. Media dövlət qurumlarının informasiyasını deyil, gerçək fəaliyyətini, boşluqlarını və hesabatlılığını izləməlidir, məhz bu, ictimaiyyətin maraqlarına xidmət edər.

Beləliklə, bütün bəyanat və təqdimatlara baxmayaraq, gömrük sistemində hələ də tam şəffaflıq təmin olunmayıb. Elektronlaşdırmanın 1%-lik istisnası belə, məmur–sahibkar əlaqələrinin üzbəüz şəkildə davam etməsinə, bununla da qeyri-rəsmi güzəştlərə və mümkün korrupsiya hallarına yol açır. Bu boşluqlardan isə əksər hallarda qanunsuz fəaliyyət göstərən şirkətlər və onların sahibləri yararlanır. Nəticədə, illərlə aparılan islahatlara və ayrılan milyonlarla vəsaitə rəğmən, sistem hələ tam şəffav işləyə bilmir.

Ədil Hüseynov
Bizimxeber LİVE BLOG