Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə dair araşdırmalar davam etdirilir.
İstintaq prosesində İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul da cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində məhkəmə tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu iş üzrə daha bir QHT nümayəndəsi – Əhməd Məmmədzadə barəsində bir gün öncə həbs qətimkan tədbiri seçilmişdi. Aytac Ağazadə ilə bağlı məhkəmənin qərarı isə bu gün gözlənilir.
Hazırda “QHT işi” çərçivəsində bir neçə şəxs istintaqa cəlb olunub. İstintaq prosesi Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri üzrə davam etdirilir.
Xatırladaq ki, cinayət məsuliyyətinə cəlb edilən Qalib Toğrul, bir müddət əvvəl ev dustaqlığına buraxılmış tanınmış iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.