Qaqauziyada həbs edilən Hutsula dəstək aksiyası başlayıb

/BX LiveBLOG/

Qaqauziya Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun saxlanmasına qarşı İcraiyyə Komitəsinin binası yaxınlığında etiraz aksiyaları başlayıb.

"Bizimxeber" yazır ki, bu barədə regional ictimai xadim Mixail Vlah məlumat verib. O, Telegram kanalında yerli sakinləri muxtariyyət rəhbərini dəstəkləməyə çağırıb və Qaqauziya xalqının təzyiqlərə boyun əyməyəcəyini bildirib.

Vlahın sözlərinə görə, Qutsulun həbsi yalnız bir siyasətçinin deyil, bütöv regionun həbs edilməsi anlamına gəlir: "Qaqauziya xalqı çox güclü və dözümlüdür. Bizi diz çökdürmək mümkün olmayacaq. Dünən axşam Moldova hakimiyyəti və şəxsən Prezident Maia Sandu bu qanunsuz tədbirlərin görülməsi barədə göstəriş verib. Bir başçının həbsi, bütün qaqauzların həbsi deməkdir. PDS partiyasının bu gün qaqauzlara qarşı yaratdığı çətinliklər onların uğursuzluğu ilə nəticələnəcək".

Məlumata görə, Moldova prokurorluğu Yevgeniya Qutsulun həbsini tələb edib. O, 72 saatlıq nəzarət altına alınıb və Milli Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin (NCBC) təcridxanasında saxlanılır. Prokurorlar yaxın saatlarda ona rəsmi ittiham irəli sürəcəklər.

NCBC bildirib ki, muxtariyyət rəhbərinin saxlanılması davam edən cinayət işinin yeni halları ilə bağlıdır. Qutsul Şor Partiyasının qanunsuz maliyyələşdirilməsində ittiham olunur. Bu iş 2023-cü ildə açılıb və istintaq davam edir.

Bundan əvvəl Moldova Baş Prokurorluğu Qutsulun ölkədən çıxışına qadağa qoyulduğunu açıqlamışdı. O, sərhəd nəzarətindən keçərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və araşdırma başlanılıb. 

Qaqauziyada baş verən hadisələr bölgədə gərginliyin artmasına səbəb olub. Yerli əhali muxtariyyətin hüquqlarının pozulduğunu iddia edir və aksiyaların davam edəcəyini bildirir. /Bizimxeber - LIVE BLOG/