Qırğızıstanın Pervomayski rayon məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevi kriminal avtoritet Əziz Batukayevi qanunsuz şəkildə həbsdən azad etməkdə qiyabi olaraq təqsirli bilib.
Bu barədə onun vəkili Sergey Slesarev TASS-a məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə keçmiş prezidentə cəza təyin etməyib, çünki cinayət işinin müddəti başa çatıb. Bununla belə, Atambayev rəsmi olaraq təqsirli sayılıb.
İstintaqın məlumatına əsasən, Atambayev 2013-cü ilin aprelində Batukayevi qanunsuz şəkildə azadlığa buraxılmasında iştirak edib. Batukayev 2006-cı ildə 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, qanunsuz silah saxlama və kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinmişdi. Azadlığa çıxdıqdan dərhal sonra Batukayev Qroznıya köçüb.
Bundan əvvəl Qırğızıstanda 30 terror təşkilatı üzvü saxlanılıb. Onların dövlət məmurları və hüquq-mühafizə orqanlarına qarşı terror aktları hazırladığı bildirilir. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, hüceyrələrin fəaliyyəti xaricdən idarə olunub.