Rəqəmlər çox vaxt reallığın ağırlığını tam ifadə edə bilmir, amma bəzən onlar dəhşətin miqyasını anlamaq üçün yeganə vasitə olur.
Təsəvvür edin: İsrailin Qəzzaya hücumları başlayandan bəri, orta hesabla hər 45 dəqiqədə bir uşaq həyatını itiribr. Bu, son 540 gün ərzində hər gün 30 uşağın öldürülməsi deməkdir.
7 oktyabr 2023-cü ildən bu yana İsrail hücumları nəticəsində ən azı 17,400-ə yaxın fələstinli uşaq həlak olub. Onlardan təxminən 15,600-nün şəxsiyyəti müəyyən edilib. Daha minlərlə uşağın isə dağıntılar altında qaldığı və öldüyü güman edilir.
Bu, sadəcə statistika deyil. Bu, yarımçıq qalan nağıllar, oynanılmamış oyunlar, reallaşmamış arzulardır. Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən yarısı uşaqlardır və onların həyatı gözlərinin önündə məhv edilir.
Faciənin miqyasını anlamaq üçün belə bir mənzərə təsəvvür edin: 100 qəzzalı uşağın olduğu bir otaqda:
2-si artıq öldürülüb.
2-si itkin düşüb, çox güman ki, dağıntılar altındadır və həlak olub.
3-ü yaralanıb, bir çoxunun vəziyyəti ağırdır və həyatları boyu bu yaraların izini daşıyacaqlar.
5-i yetim qalıb və ya valideynlərindən ayrı düşüb.
5-i kəskin qida çatışmazlığından əziyyət çəkir və təcili müalicəyə ehtiyacı var.
Qalan uşaqlar isə müharibənin görünməz yaralarını – dərin psixoloji travmaları, daimi qorxu hissini və gələcəyə dair ümidlərinin itirilməsini yaşayırlar. Onların evləri viran qalıb, məktəbləri dağıdılıb, səhiyyə ocaqları işğal edilib. Doğulduqları gündən İsrail blokadasının kölgəsində yaşayan bu uşaqlar üçün təhlükəsizlik anlayışı artıq mövcud deyil.
Onlar kim İdi?
Öldürülən bu 17,400 uşaq... 825 körpə - heç bir yaşını qeyd edə bilmədilər.
895 bir yaşlı uşaq - ilk addımlarını atmağa macal tapmadılar.
3,266 məktəbəqədər yaşlı uşaq (2-5 yaş) - oyun və kəşfiyyat sevincindən məhrum oldular.
4,032 ibtidai məktəb şagirdi (6-10 yaş) - boş partalar və yarımçıq qalmış dərsliklər buraxdılar.
3,646 orta məktəb şagirdi (11-14 yaş) - əvvəlki üç müharibəni (2012, 2014, 2021) görmüş, dördüncüsündə həlak oldular.
2,949 yeniyetmə (15-17 yaş) - gələcək arzuları ürəklərində qaldı. 17 yaşlılar əvvəlki dörd müharibəni (2008-09, 2012, 2014, 2021) yaşamış, beşincisində dünyalarını dəyişdilər. /Bizimxeber LiveBLOG/