/BX LiveBLOG/
Almaniyanın yeni hökuməti Avropa İttifaqının (Aİ) qaydalarına mütəmadi olaraq əməl etməyən ölkələrə, xüsusən də Macarıstan kimi demokratik normaları pozan dövlətlərə qarşı daha sərt tədbirlər görülməsini istəyir.
"Bizimxeber" yazır ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Almaniyanın gələcək kansleri Fridrix Merzin rəhbərlik etdiyi mühafizəkar blok və onların koalisiya tərəfdaşları olan Sosial Demokratlar Aİ-nin əsas prinsiplərini – xüsusilə də qanunun aliliyini pozan ölkələrə qarşı maliyyələşdirmənin və hətta səsvermə hüququnun dayandırılmasını tələb etməyə razılaşıblar. Bu müddəalar partiyaların koalisiya sazişi layihəsində açıq şəkildə qeyd olunub.
Koalisiya sazişində Macarıstanın adı birbaşa çəkilməsə də, sənəddə Aİ-də "ən pis cinayətkar" olan ölkədən bəhs edilir. Bu ifadə illərdir ki, demokratik dəyərləri pozmaqda, mətbuat azadlığını məhdudlaşdırmaqda və məhkəmə sisteminə təzyiq göstərməkdə ittiham edilən Macarıstanı nəzərdə tutur.
Merzin mühafizəkar bloku və Sosial Demokratlar Aİ siyasəti ilə bağlı belə bir mövqe sərgiləyirlər: "Mövcud təminatlar – hesabatlılıq və Aİ fondlarının tutulması prosedurlarından tutmuş, Aİ Şurasında səs vermək hüququnun dayandırılmasına qədər – əvvəlkindən daha ardıcıl şəkildə tətbiq edilməlidir."
Aİ-nin Macarıstana qarşı mövqeyinin sərtləşməsi təkcə Almaniya hökumətinin qərarı deyil.
Financial Times daha əvvəl xəbər vermişdi ki, Macarıstanın Avropa İttifaqının mühüm qərarlarını daim bloklaması Brüsseldə ciddi narahatlıq doğurur. Buna görə də Aİ daxilində Macarıstanın səsvermə hüququnun məhdudlaşdırılması müzakirə edilir. /Bizimxeber Live BLOG/