İsrailin Qəzzaya qarşı başladığı müharibənin bir il yarımdan çox davam edən mərhələsində 200-ə yaxın fələstinli jurnalist həyatını itirib. Onlardan azı 43-ü peşə borcunu yerinə yetirərkən, xəbər hazırlayarkən İsrail ordusu tərəfindən qətlə yetirilib. Bu rəqəmlər, sadəcə statistika deyil, bu, ifadə azadlığının və həqiqət axtarışının sistematik olaraq susdurulmasının bariz nümunəsidir.
Sərhədsiz Reportyorlar (RSF) bu qırğının dayandırılması və Qəzzada mətbuat azadlığının bərpa olunması üçün fəal şəkildə mübarizə aparır. RSF artıq Beynəlxalq Cinayət Məhkəməsinə bir neçə şikayət ərizəsi təqdim edib və bu gün bütün dünyada jurnalistlərə və oxuculara müraciət edərək petisiya imzalamağa çağırır.
RSF bildirir ki, jurnalistlər hədəfə alınır və onlar öləndən sonra da böhtanla qarşılaşırlar: "Biz heç vaxt belə bir münaqişə görməmişik ki, jurnalist öldükdən dərhal sonra ona ‘terrorçu’ damğası vurulsun”.
Petisiyada əsas tələblər bunlardır: Fələstinli jurnalistlərin hədəfə alınmasına dərhal son qoyulsun, bu cinayətləri törədənlərin cəzasız qalmasına yol verilməsin, Qəzzaya beynəlxalq və yerli jurnalistlərin qeyd-şərtsiz girişinə icazə verilsin, peşəkar jurnalistika üçün zəruri olan avadanlıqların bölgəyə çatdırılmasına şərait yaradılsın.
Bu çağırış sadəcə jurnalistlərin deyil, bütün insanlığın vicdanına ünvanlanır. Həqiqət, informasiya azadlığı və ədalət üçün mübarizə yalnız Qəzzada deyil, bütün dünyada davam edir.