İsrailin martın 2-dən etibarən Qəzza zolağına humanitar yardımın qarşısını alması bölgədə artıq dərinləşmiş humanitar böhranı daha da kəskinləşdirib.
"Al Masirah" telekanalının Qəzza hökumətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, 65 mindən çox uşaq kəskin qida çatışmazlığı səbəbilə xəstəxanalara yerləşdirilib.
Qəzzada ümumilikdə 1,1 milyon fələstinli uşaq və yeniyetmə aclıqla üz-üzədir. On minlərlə uşaq son həftələr ərzində demək olar ki, heç bir qida qəbul etmədən sağ qalmağa çalışır. Yardım təşkilatları bu vəziyyəti "tamamilə süni və qəsdən yaradılmış aclıq böhranı" kimi qiymətləndirir.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) də bölgədəki vəziyyətdən ciddi narahatlığını bildirib. Agentliyin baş komissarı Filip Lazzarini sosial media platformasında paylaşım edərək bildirib:"Anklavda aclıq genişlənir və dərinləşir. Bu, qəsdən və süni şəkildə yaradılıb. Qəzza ümidsizlik ölkəsinə çevrilib."
Yardımlar niyə dayandırılıb?
Martın 2-də İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına humanitar yardımın tamamilə dayandırıldığını və bütün keçidlərin bağlandığını elan edib. İsrail tərəfi bu qərarı HƏMAS hərəkatının ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun təklif etdiyi atəşkəs planını qəbul etməməsinə cavab olaraq verdiyini açıqlayıb.
Nəticədə, beynəlxalq yardım karvanları bölgəyə daxil ola bilmir, ərzaq, su, dərman və tibbi avadanlıq çatışmazlığı isə kritik səviyyəyə çatıb. Hətta xəstəxanalar da artıq ehtiyatlarının tükənmək üzrə olduğunu bildirir.