Qələbə Paradında hansı texnikanın nümayiş olunacağı məlum olub

Bu il Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş hərbi parad əvvəlki illərdə nümayiş etdirilən texnikanın müasirliyi ilə fərqlənəcək. Mayın 9-da Qırmızı Meydanda 130-dan çox hərbi texnika iştirak edəcək.

Ənənə dəyişmir, paradda hər il olduğu kimi bu dəfə də keçid əfsanəvi T-34 tankı ilə başlayacaq. T-34-ün ardınca onun bazasında qurulmuş SU-100 özüyeriyən artilleriya qurğusu meydandan keçəcək. Bu texnikalar yalnız bir zamanlar cəbhədəki gücün göstəricisi deyil, eyni zamanda Rusiya hərbi tarixinin canlı simvollarıdır.

Paradın əsas diqqət çəkən nöqtələrindən biri müasir döyüş texnikalarının nümayişidir:

T-90M "Proryv" və T-80BVM tankları;

Yeni nəsil “Kurganets-25” piyada döyüş maşını;

152 mm-lik “Malva” özüyeriyən haubitsası;

Mina və pusqulardan qoruma təmin edən MRAP sinfinə aid Tornado və ZA-SpN Titan avtomobilləri.

Paradda həmçinin müasir müharibənin əsas komponenti sayılan pilotsuz uçuş aparatları da nümayiş olunacaq.

Bunlar arasında:

“Orlan” kəşfiyyat PUA-ları,

“Lancet” kamikadze dronları,

“Geran” ağır hücum dronları yer alacaq. Onlar tam ötürücülü KAMAZ-larla meydanda nümayiş olunacaq.

Əlavə olaraq, bu ilki tədbirdə Çin Xalq Azadlıq Ordusunun əsgərləri də iştirak edəcək. Onların iştirakı həm hərbi əməkdaşlıq, həm də diplomatik jest baxımından diqqət çəkir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Çin əsgərləri Qırmızı Meydanda təntənəli marşla yürüş edəcəklər.