Özbəkistanda 9 May münasibətilə keçirilən tədbir müəllimin işinə son qoyulması ilə nəticələnib.
"Bizimxeber" bildirir ki, Daşkənddəki 188 nömrəli məktəbin 4-cü “G” sinif rəhbəri Venera B., “Xatirə və minnətdarlıq günü” çərçivəsində səhnələşdirdiyi tədbirə görə məktəb rəhbərliyi tərəfindən işdən çıxarılıb. Müəllimənin bu sahədə 37 illik təcrübəsi var.
Readovka Telegram kanalının yaydığı məlumata əsasən, müəllim Venera B. şagirdlərə Böyük Vətən Müharibəsində Özbəkistan SSR əsgərlərinin rolunu izah edən filmlərə baxmağı tapşırmış və mayın 8-də hərbi geyimdə səhnəcik hazırlamışdır. Tədbir üçün xüsusi geyimlər icarəyə götürülmüş, şagirdlərdən biri Qızıl Ordu əsgəri kimi geyinmişdi.
Məktəbin direktoru bu səhnəni görəndən sonra müəllimi sərt şəkildə tənqid edib və ondan öz istəyi ilə istefa verməsini tələb edib. Yerli media yazır ki, direktor özü də sonradan yaranmış qalmaqal səbəbindən vəzifəsindən uzaqlaşdırılıb, lakin müəyyən müddət sonra yenidən vəzifəsinə qaytarılıb.
188 saylı məktəbdə tədrisin rus dilində aparıldığı, lakin müəllimlərin əksəriyyətinin rus dilinə kifayət qədər bələd olmadığı qeyd olunur.
Bu hadisə Özbəkistanda rus mədəniyyəti və tarixi irsinə münasibət mövzusunu yenidən gündəmə gətirib.